Menu

“309 min evin tikintisinə başlayırıq...” – Ərdoğan görülən işləri açıqladı

28.02.2023, 17:26
“309 min evin tikintisinə başlayırıq...” – Ərdoğan görülən işləri açıqladı

“Biz ölənləri geri qaytara bilmərik, amma yaralarımızı sağaltmaq üçün əzmimiz, təcrübəmiz və gücümüz var”.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşın Elbistan rayonunda çıxış edərkən deyib.

“İlk günlərdə zəlzələ zonasının genişliyi, sərt iqlim şəraiti işlərə mənfi təsir göstərsə də, qısa müddətdə çətinliklərin öhdəsindən gələ bildik. Qeyri-hökumət təşkilatlarımızdan tutmuş bələdiyyələrimizə və könüllülərimizə qədər axtarış-xilasetmə və yardım işlərində bizə dəstək verən hər kəsə təşəkkür edirəm”,-deyə o, bildirib.

Ərdoğan zəlzələdən zərər çəkənlərin problemlərini aradan qaldırmaq üçün bütün gücləri ilə çalışdıqlarını bildirib: “Yalnız Maraşda payladığımız çadırların sayı 77 minə çatıb. 24 min konteynerin quraşdırılması istiqamətində palanlamalar aparırıq. 41 səyyar mətbəximizlə xidmətinizdəyik. Elektrik enerjisi, təbii qazla bağlı problemləri həll etdik. İçməli su təminatını 98 faizə çatdırmışıq. Yollara dəyən ziyanı aradan qaldırdıq”.

Türkiyə lideri şəhərlərin yenidən qurulması üçün lazımi işlərin başladığını açıqlayıb: “309 min evin tikintisinə başlayırıq. İlk olaraq Maraşda 83 min ev və 18 min kənd evi ilə “Bismillah” deyirik. Bunun üçün sizdən 1 il vaxt istəyirəm. Əvvəlki fəlakətlərdə heç kimi qurban vermədiyimiz kimi, zəlzələ bölgəsində də bunu edəcəyik”.

“İndi kim öz zəhərli dili ilə bunların qarşısını almağa çalışırsa, birbaşa millətimizi, ölkəmizi kürəyindən bıçaqlamış olacaq. Bu ölkənin yeni əzablara dözməyə səbri qalmayıb. Biz heç kimə imkan verməyəcəyik ki, ideoloji və ya ixtiyari səbəblərdən millətimizə yeni bədəllər ödətsin. Allah ölkəmizi, millətimizi daha böyük qəzalardan, bəlalardan qorusun”,- Ərdoğan bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol