Bu gün həmkarım, millət vəkili Etibar Əliyevin ad günüdür. Etibar müəllim 60 illik yubileyini qeyd edir.
Həmişə gülərüz, yanımcıl, çətinliyə, problemə dərhal reaksiya verən, bacardığı yardımı, köməyi, dəstəyi əsirgəməyən yoldaşdır, Etibar müəllim. Üç ildir bir yerdə işləyirik. Bu müddət ərzində həmkarlarım da təsdiqləyər - Etibar müəllimi vətənpərvər, xalqını, dövlətini sevən dürüst vətəndaş kimi tanımışıq. Həm tanımışıq, həm də belə demək mümkündürsə, bir sıra məsələlərdə suallara cavab axtararkən həmkarımızdan bəhrələnmişik. Xüsusilə elm və təhsil sahəsində.

Etibar müəllim müasir Azərbaycanımızın ziyalısıdır. Yeni, müstəqil, modern Azərbaycanın əsil ziyalısının başlıca qayğısı nə ola bilər? Fikrimcə, gəncliyin, gənc nəslin təhsili, elmi, savadlılığı kimi vacib amilləri gündəlik fəaliyyətinin başlıca şuarına çevirmək. Etibar müəllimin həm Milli Məclisdə, həm müxtəlif tədbirlərdəki çıxışlarında söylədiyi nitqin, aktiv olduğu sosial şəbəkə hesablarından paylaşdığı statusların aparıcı leytmotivi məhz budur – elm və təhsil. Hər cümləsi gənc nəslə kitab oxumağa çağırışdır, stimuldur Etibar müəllimin. Gənclik isə bizim gələcəyimizdir.
Etibar müəllim fədakar müəllim peşəsini göylərə qaldıran, müəllimi ən ali epitetlərlə vəsf edən, cəmiyyətimizi ona dəyər verməyə səsləyən millət vəkilidir. Fəal işgüzarlıq, mütaliə, dayanmadan təkmilləşmə Etibar müəllimi bizə sevdirən əsas cəhətlərdir.
Etibar müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun və məhsuldar həyat, möhkəm cansağlığı arzullayıram!
Elnur Allahverdiyev,
Milli Məclisin deputatı


Şərhlər