Menu

Rusiya və İranın Bakıdakı səfirləri bir araya gəlib – “Qərbə mesaj vermək istəyirlər ki”

02.03.2023, 19:15
Rusiya və İranın Bakıdakı səfirləri bir araya gəlib – “Qərbə mesaj vermək istəyirlər ki”

“Məlum səbəblərə görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Bakıda bir çox tədbirə dəvət olunmur, rəsmi görüşləri də yox dərəcəsindədir. Prezidentin köməkçisi Hikmət Hacıyev ara-sıra səfirlə görüşüb fikir mübadiləsi aparırdı. Ancaq Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan sonra bu görüşlərə də ara verilib”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Ekspert əlavə edib ki, iki ölkə arasında gərginliyə görə İran ilk dəfə bu il Bakıda inqilabın 44-ci ildünümünü keçirə bilmədi.

“Keçirsəydi belə rəsmi və vətəndaş cəmiyyəti səviyyəsində iştirak olmayacaqdı”, - o qeyd edib.

Şahinoğlu vurğulayıb ki, Ukrayna müharibəsinə görə, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da Bakıda bir çox ölkənin müstəqillik günü tədbirlərinə dəvət olunmur: “Bu vəziyyətdə qalan iki səfir öz aralarında görüşməyə qərar veriblər. Yayılan məlumatda Seyid Abbas Musəvinin Mixail Boçarnikovla Cənubi Qafqaz regionunda baş verən son hadisələri, “3+3” təşəbbüsünü, eləcə də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı, eyni zamanda, Şimal-Cənub dəhlizini müzakirə ediblər. Bu aysberqin görünən tərəfidir. Hər iki səfir paytaxtlarından təlimat alıblar ki, “Sizin görüşünüz çalışdığınız ölkəyə və Qərbə mesaj olacaq ki, Rusiya və İranın iştirakı olmadan bölgənin problemlərini həll etmək mümkün deyil”.

Təhlilçi bildirir ki, bölgədə problemlərin varlığı və həllinin uzanması elə Rusiya və İranın siyasəti ilə bağlıdır.

“Rusiya erməni separatizmini idarə edir, İran isə Ermənistana Zəngəzur dəhlizini bağlı saxlamağı məsləhət görür. Rusiya və İran nə qədər müqavimət göstərsələr də, Türkiyənın, Avropa İttifaqının və ABŞ-ın Cənubi Qafqazda artan fəallıqlarına mane ola bilmirlər. ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Qevara İranla sərhədi – Gömrük Komitəsinin Astara şəhərindəki idarəsini ziyarət etməklə Tehrana bir başqa mesajı göndərib”, - ekspert qeyd edib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol