“BİZİ DAXİLİ XAOS, TOQQUŞMALAR GÖZLƏYİR” - “Putin sona qədər gedəcək, amma ...”

"Millətçilik imperiyaçılığa, imperiyaçılıq isə bu gün yaşadığımız hadisələrə - müharibəyə səbəb oldu. “Rus marşları”nı izləyib ağzınızın suya axanda, bilməliydiniz ki, bunun sonu nə olacaq"

Rusiyada yaşayaraq, Putin hakimiyyətinə müxalifliyi davam etdirə bilən nadir siyasətçilərdən olan “Yabloko” partiyasının yaradıcısı, tanınmış iqtisadçı-alim Qriqori Yavlinski “Exo Moskvı” radiostansiyasına müsahibə verib.

“AzPolitika.info” xəbər verir ki, Yavlinski növbəti dəfə müharibənin dərhal dayandırılmasına çağırıb və deyib ki, Putin hakimiyyətinin öncədən Ukraynaya qarşı müharibəyə başlamaq üçün gətirdiyi səbəblər bilərəkdən şişirdilmiş məsələlər olub: “Ukraynadakı müharibə faciədir. Bu gün orada hər dəqiqə insan həlak olur – həm rusiyalılar, həm də ukraynalılar. Ona görə də bu, misli görünməmiş miqyasda böyük faciıədir. Biz burada sizinlə söhbət edirik, orada isə həmin anda insanları öldürürlər. Bu, dəhşətli faciədir və məhz bundan çıxış edərək, nə edilməli olduğu barədə strategiya qurulmalıdır... Bütün bu şeylərin başlanması üçün göstərilən təhlükələr(Guya Rusiya üçün Ukrayna tərəfdən olan təhlükələr-red.) isə uydurmadır, onlar yox idi. Bu təhlükələr yox idi”.

Yavlinski deyib ki, Putinin Federal Məclisə son müraciəti iki vacib məqamdan xəbər: “Birincisi, o, dedi ki, bu(qarşıdurma), sonsuza qədərdir. Prezident dedi ki, bunun sonu olmayacaq. Bilinmir nə qədər davam edəcək və necə qurtaracaq. Ona görə də hədəflərin nə olduğunu bildirmədi. Bu, ciddi məsələdir. Bu, insanlarımızın eşitdiyi yeganə xoş olmayan fikir deyildi...İkincisi, Prezident anlatmağa çalışdı ki, bu baş verənlər Rusiyanın yeni həyat tərzi olacaq”.

Yavlinski Putinin Rusiyanı lazım olan yerə deyil, tamamilə başqa istiqamətə sürüklədiyini də bildirib: “ Artıq bu, başqa bir Rusiyadır. Hətta 1991-ci ildən bu yana olan Rusiya yox, başqa bir Rusiya. Və Rusiyanın yenidən dəyişdirilməsinin siyasi bünövrəsi həmin bu “xüsusi hərbi əməliyyat”dır. Avrasiyaçılıq ideoloqları da artıq bunu görür və deyirlər. Bu Rusiya dünyanın “Qərb dünyası” adlandırılan hissəsinə, müasir inkişaf tendensiyalarına qarşıdır. Ən əsası isə bu, Rusiyanın yönünün Avrasiyaya çevrilməsi, dəyişməsidir. Bu, tamamilə başqa bir inkişaf istiqamətidir. Baş verənlər həm də tarixi baxımdan postsovet epoxasının qəti şəkildə bitməsinin göstəricisidir. Bu, hələ 1991-ci ildə başlayan postsovet məkanında modernizasiya ideyasının çöküşüdür. Həmin çöküşün finalı isə “xüsusi hərbi əməliyyat” adlandırılan hadisədir... Və burada söhbət insanlardan yox, siyasi elitalardan, “tusovka”dan gedir. Hər şeyi xalq yox, onlar edib”.

Özünü də həmin elitaların nümayəndəsi hesab etdiyini deyən Yavlinski etiraf edib ki, bu illər ərzində öz üzərinə düşən işin öhdəsindən gələ bilməyib, buna gücü, bacarığı çatmayıb və nəticədə Rusiya cəmiyyəti indiki acınacaqlı vəziyyətlə qarşı-qarşıya qalıb. Qarşıda isə xaos gözlənilir: “Mən yaxın müddətdə ölkə daxilində xaos olacağını gözləyirəm. Çünki ölkənin yeni istiqamətə yönləndiriliməsi ciddi tendensiyalar yaradacaq. Hamı diqqətli və ehtiyatlı olmalıdır. Toqquşmalar olacaq. Artıq bu, elitalarda görünür. Onlarda fikir ayrılıqları, dartışmalar, baş verənlərin fərqli qiymətləndirilməsi var. Bunlar insanlara da keçəcək. Hələ oradan(Ukraynadan-red.) insanlar qayıdacaqlar. Silahla qayıdacaqlar. Bu yaxınlarda bir nəfər Kursk vağzalında silahla, minalarla tutuldu. Bunlar ciddi məsələlərdir...”

Yavlinski bir müddət əvvəl səsləndirdiyi tezisləri təkrarlayıb və heç bir qələbə olmayacağını, əvəzində dəhşətli itkilər baş verəcəyini söyləyib: “Hamı anlamalıdır ki, insan həyatından dəyərli heç nə yoxdur. Bütün qərarları da bundan çıxış edərək vermək lazımdır. İkincisi, 21-ci əsrdə ən başlıca olan azadlıq, insan ləyaqəti və yaradıcılıqdır. Qalan şeylər - ərazilər və s. ikinci dərəcəlidir. Üçüncüsü, hamı bilməli və anlamalıdır: Ukrayna suveren və azad dövlətdir, belə də olacaq. O, öz mili mədəniyyətini və milli kimliyini saxlayacaq. Bu dediklərim sadə və başlıca faktorlardır... Heç bir qələbə olmayacaq. Ciddi şəkildə deyirəm, əgər bunlar dayandırılmasa, bu il ərzində, yarım ildən sonra dəhşətli dərəcədə böyük itkilər olacaq və yenə (döyüş meydanında) heç bir nəticə olmayacaq. Heç kim heç yeri tutmayacaq, və heç kim heç yeri tam müdafiə edə bilməyəcək. Nə bilim, hansısa dağıdılmış kənd, şəhər əldən ələ keçə bilər, lakin bundan başqa heç nə olmayacaq. Bu müharibənin tipi belədir. O, Birinci Dünya Müharibəsi kimidir...”

Yavlinski Putinin Federal Məclisə müarciətini və ABŞ Prezidenti Co Baydenin Polşadakı çıxışlarını müqayisə edərək, onları “konsert” adlandırıb: “Onlar səhər bir cür çıxış edirlər, axşam isə başqa cür danışıqlar aparırlar. Eyni adamlar... Bu, iki konsert idi – biri Moskvada, digəri Varşavada. Həqiqətən belədir. Sadəcə, orada bir cür, burada başqa cür təşkil olunmuşdu. Düzdür, onlar mahiyyətcə fərqli idilər. Bayden dedi ki, Polşanı müdafiə edəcəyik və s. Putinsə dedi ki, biz irəli gedəcəyik... Yeri gəlmişkən, Bayden bir il əvvəl Varşavada çıxış edərək demişdi ki, dollar iki yüz rubl olacaq və sair. Nə oldu? Yəni, bunlar konsert çıxışları olub və belə də davam edir. Məsələnin reallıq tərəfi isə odur ki, sonda onsuz da atəşkəs olacaq və bütün layiqli adamlar insanların ölməməsini əsas kriteriya olaraq götürməlidirlər”.

Rusiyalı siyasətçi xüsusi vurğulayıb ki, hazırkı vəziyyət Rusiya-Ukrayna münaqişəsi səviyyəsini aşaraq, dünya səviyyəsinə keçib və hamı bunu görür, dərk edir.

Bununla yanaşı, jurnalist Yavlinskidən “Biz öz ölkəmizi müdafiə edir və azad edirik” deyən ukraynalılara nə cavab verə biləcəyini soruşub. Rusiyalı siyasətçi ümumiyyətlə, özünün ukraynalılara nəsə demək haqqının olmadığını bildirib: “Mənim Ukrayna vətəndaşları ilə dialoq aparmaq üçün mənəvi əsaslarım yoxdur. Biz günahkarıq. Mənim mənəvi haqqım yoxdur ki, onlarla mübahisə edim və s. Mən onların hisslərini çox yaxşı başa düşürəm. Onlar mənə çox yaxındırlar. Necə ki, öz xalqıma hörmət edir və sevirəm, o cür də Ukrayna xalqını sevirəm və hörmət edirəm. Mən belə böyümüşəm, formalaşmışam... Onlar məni müsahibə verməyə çağırırlar, ancaq mən vermirəm. Hətta Qordona(Ukraynalı jurnalist Dmitri Qordon-red.) da müsahibə vermirəm. Çünki mənim mənəvi haqqım yoxdur. Axı, mən nəinki rusiyalıyam, həm də siyasətçiyəm...”

Yavlinski bildirib ki, Ukraynada baş verənlər geosiyasi qarşıdurmadır. Onun qarşısını almaq üçün isə müharibəni dayandırmaq lazımdır. Yavlinski deyib ki, Rusiyada əhalini heyvan sürüsü hesab edən siyasətçilər var və tarixdə də olub. O, müasir siyasətçilərin adını çəkməsə də, keçmişdən Stalini misal gətirib. 

Daha sonra yenə Pitinin çıxışına qayıdan Yavlinski deyib: “Tərəflərin heç biri qalib gəlməyəcək. Ona görə də Putin öz çıxışında heç bir hədəf səsləndirmədi. Çünki o, görür və bilir ki, heç bir kardinal dəyişiklik olmayacaq... O, belə bir qərar verib və mən düşünürəm ki, sona qədər gedəcək. Ancaq bu sonun nə olacağını demək çox çətindir. Mən bütün bunların əleyhinəyəm. Sonsuza qədər davam etməyin də, Rusiyanın istiqamətinin dəyişməsinin də əleyhinəyəm. Kommunistlər tarixdə bir dəfə bunu etməyə çalışdılar və bu, böyük itkilərə səbəb oldu. Ona görə xaos barədə danışıram. Mən ona (Putinə-red.) deyərdim ki, insan həyatından, ləyaqətindən, onun yaradıcılığından vacib heç nə yoxdur və onun ölkəsinin mahiyyəti bundan ibarətdir! Bütün bunları rus adamına, Rusiya adamına vermək lazımdır. İnsanlara 21-ci əsrin tələb etdiyi şeyləri vermək lazımdır. İndi 17-ci əsr deyil... Elə bir ölkə yaradın ki, bütün dünyadan ruslar Rusiyaya gəlsinlər, Meksika ilə ABŞ arasındakı sərhəd divarı keçmək üçün oraya hücum etməsinlər”.

Yavlinski böyük və maraqlı müsahibəsinin sonunda gözlənilmədən Rusiyadakı millətçilik mövzusuna toxunub və bunu sərt şəkildə tənqid edib.

O, deyib ki, zamanında Rusiyada korrupsiyadan daha çox millətçiliklə mübarizə aparılmalı idi: ”Mən o vaxt bunları deyəndə, hamınız dediniz ki, millətçilik ikinci dərəcəli problemdir, əsas korrupsiyadır. Hansı ki, sadəcə bu sistem elə qurulub ki, korrupsiya 100 faiz hər şeydə var. Millətçilik və imperiyaçılıq isə həmişə bir yerdə olub və Putin də bunu gördü. Nəticədə millətçilik imperiyaçılığa, imperiyaçılıq isə bu gün yaşadığımız hadisələrə - müharibəyə səbəb oldu. “Rus marşları”nı izləyib ağzınızın suya axanda, bilməliydiniz ki, bunun sonu nə olacaq. Məhz “rus marşlarının” təbliğatçıları bunu insanların şüuruna yeritdilər. Bunun nəticəsidir ki, Dumada əsas müxalifət partiyası(Kommunist partiyası-red.) belə müharibənin qatı tərəfdarıdır. Yenə deyirəm, məhz millətçilik bugünkü durumu yaradıb”.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar