“Xəyanət daha necə olur? Qırmızı cizgiləri necə tapdamaq olar?”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, uşaq qatili Serj Sarqsyanın Respublika partiyasının sözçüsü Eduard Şarmazanov Qarabağdakı separatçıların başçısı Araik Arutunyanın son çıxışına münasibət bildirərkən bəyan edib.

Mətbuat konfransı keçirən Sarqsyanın adamı deyib ki, Arutunyanın Qarabağ ermənilərinin Azərbaycana mümkün inteqrasiyası barədə söylədikləri xəyanətdir.

Qeyd edək ki, Arutunyan qondarma qurumun “təhlükəsizlik şurası”ndakı son çıxışında bir daha Qarabağ ermənilərinin “müstəqilliyinə” alternativin olmadığını desə də, seçimin yenə əhaliyə aid olduğunu söyləyib və ilk dəfə Azərbaycanla inteqrasiyadan danışıb: “Bizim seçimimiz var: ya seçdiyimiz mübarizə yolunu davam etdirmək, ya da əgər cəmiyyətdə Azərbaycanın təkliflərini qəbul etmək kimi əhval-ruhiyyələr varsa, bu adamların öz vətəndaş hüquqları çərçivəsində bunu etmək və demək imkanları var ki, “biz düzgün yol seçməmişik”. Onların imkanları var ki, belə mövqeləri formalaşdırıb yeni hökumət təşkil etsinlər".

S.Sarqsyanın sözçüsü bildirib ki, Arutunyanın inteqrasiya ilə bağlı dedikləri ümumilikdə Azərbaycanın gündəminə, maraqlarına xidmət etməkdir. Hətta iddia edib ki, guya Arutunyan da Nikol Paşinyan kimi, Qarabağı “təhvil verməyə” çalışır.

Digər hərbi cinayətkar və Ermənistanın sabiq prezidenti olmuş Robert Koçaryanın siyasi blokundan olan deputat Geqam Nazaryan da Arutunyanı sərt şəkildə ittiham edib. O, bildirib ki, Arutunyan sözügedən fikirlərilə Qarabağ ermənilərinə psixoloji təzyiq göstərir və guya Azərbaycanın maraqlarından çıxış edir: “O, bununla əhaliyə deyir ki, müharibə istəmirsinizsə, Azərbaycana inteqrasiya etməlisiniz”.

Göründüyü kimi, Ermənistandakı rusiyapərəst, revanşist qüvvələr Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasının, ümumiyyətlə, bu mövzunun müzakirəsinin qəti əleyhinədirlər və bundan çox qorxurlar. Çünki əslində, elə ən çox erməni əhalisinə lazım olan bu proses sarqsyanların, koçaryanların vassalı, qulluqçuları olduqları Rusiyanın maraqlarına qəti uyğun deyil.

Cəlal

“AzPolitika.info”