“GÜRCÜ DEMOKRATİYASININ QARA GÜNÜ...” - “Xarici agent qanunu” İvanişvili hakimiyyətini “bir addım irəli, iki addım geri atdı”

ABŞ-ın Gürcüstandakı səfirliyi martın 7-də Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanunun yarıgizli şəkildə qəbulunu və bundan sonra etiraza qalxan əhaliyə qarşı güc tətbiqini nəzərə alaraq, həmin günü “Gürcüstan demokratiyasının qara günü” adlandırıb. Nəticədə bu yanaşmanın özü Gürcüstan hakimiyyətindəki və siyasi elitasındakı rusiyapərəst qüvvələrin əlinə son günlər Tbilisi küçələrində baş verənlərə görə növbəti dəfə Qərbi ittiham etmək üçün əsas verib…

Əslində isə əksər müstəqil müşahidəçilər Rusiya milyarderi Bidzina İvanişvilinin hakimiyyəti ilə Gürcüstan cəmiyyətinin Avropa dəyərlərinə, Avropa Birliyinə üzvlük ideyasına sadiq kəsimi və bu kəsimi təmsil edən müxalif siyasi qüvvələr arasında ciddi qarşıdurmanın onsuz da zaman məsələsi olduğunu bildirirlər. Yəni, son üç gündə Tbilisidə tərəflərin güc tətbiqi ilə müşaiyət olunan aksiyalar gec-tez baş verəcəkdi.

İvanişvili hakimiyyətinin “xarici agent” qanunu isə bu prosesi tezləşdirərək, haklimiyyətə qarşı etirazları həm daha kütləvi, həm də daha aqressiv vəziyyətə çatdırdı.

Nəticədə, hakim siyasi qüvvə heç tam 3 gün də davam gətirməyərək, geri çəkildi və sözügedən qanunu geri çağırmağa məcbur oldu…

Məlumat üçün qısa olaraq xatırladaq ki, Rusiyada qəbul olunan və hazırda əsas repressiya alətlərindən birinə çevrilən “xarici agent haqqında” qanuna görə, QHT-lər və media orqanları gəlirlərinin 20%-dən çoxunu xaricdən aldığı təqdirdə, “xarici agent” statusu alacaqdılar. Belə təşkilatlardan “xarici agent” kimi qeydiyyatdan keçmələri tələb olunacaqdı və imtina edildikdə cərimələnəcəkdilər.

Qanunun müzakirəyə çıxarıldığı vaxt ABŞ-da səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili açıq şəkildə bu qanunun əleyhinə olduğunu bəyan etdi və o, səsvermədən keçsə belə, qanuna veto qoyacağını bildirdi.

Ancaq Gürcüstanda Prezidentinin vetosunu aşmaq elə də böyük çətinlik doğurmur və parlamentdə çoxluqda olan hakim siyasi qüvvə deputatların yarıdan çoxunun səsilə asanlıqla buna nail olacaqdı. Lakin göründüyü kimi, küçələrə tökülən əhalinin etirazları və Qərbdən gələn açıq mesajlar Zurabişvilinin vetosundan qat-qat güclü təsir bağışladı. İvanişvili hakimiyyəti geri çəkildi…


Hakim siyasi qüvvənin məlum qanun təşəbbüsünə açıq etiraz edən Zurabişvili hakimiyyət üçün həmin qanunu geri çəkməyin son şans olduğunu bəyan etmişdi: “Bu, onların qeyri-rəsmi rusiyayönlü qüvvə olmadıqlarını nümayiş etdirmək üçün son şansdır. Bu, onların Avropayönlü olmağın boş sözlər deyil, məqsədləri olduğunu göstərmək üçün son şansdır”.

Bəs, hakimiyyət sözügedən qanunu geri çəkməklə, “son şansından” istifadə etmiş oldumu?

Birincisi, hadisələrin bundan sonrakı inkişafını proqnozlaşdırmaq hələ ki, asan deyil. Çünki hakimiyyət həm haqsız olduğunu, həm də zəiflədiyini nümayiş etdirmiş oldu.

Digər yandan, əksər müşahidəçilərin də bildirdiyi kimi, bu baş verənlər İvanişvili hakimiyyətini həm daxildə, həm də xaricdə xeyli dərəcədə gözdən saldı.

Qeyd edək ki, əvvəlcə, martın 7-də “xarici agent haqqında” qanun parlamentin müvafiq komitəsində müzakirəyə çıxarılmışdı. Həmin vaxt komitədə hakimiyyəti təmsil edən deputatlarla müxalif millət vəkilləri arasında əlbəyaxaya qədər gedib çıxan qarşıdurma yaşandı. Parlamentin qarşısında isə etiraz aksiyası keçirilirdi.

Sonra parlament rəhbərliyi qanunun müzakirəsinin martın 9-da davam etdiriləcəyini bəyan etdi və müxalif deputatların böyük hissəsi parlamenti, etirazçı kütlə isə meydanı tərk etdi. Bu arada “aranın sakitləşdiyini” görən hakimiyyət qəflətən, tez-tələsik qanunu səsverməyə çıxararaq, 76 səs lehinə, 13 səs əleyhinə olmaqla, birinci oxunuşda qəbul edib. Bunu eşidən etirazçı kütlə meydanı doldurub. Bu dəfə daha kütləvi və aqressiv şəkildə.

Hakimiyyətin bu cür “gizlənpaç” oynaması həm qeyri-ciddi, həm də qorxaq davranış kimi qəbul olundu. Ardınca qanunu geri götürməsi isə onun indiyə qədərki “yenilməzlik” görüntüsünü az qala alt-üst etdi. Çünki indiyə qədər İvanişvili hakimiyyətinin müxalifət və etirazçı kütlə qarşısında bu cür açıq şəkildə geri çəkilməsi müşahidə edilməmişdi.

Hakimiyyət qanunu geri çağırmasını “cəmiyyətdə parçalanmaya yol verməmək məqəsdilə” əlaqələndirib və rəsmi bəyanatında qeyd edib ki, “xarici agent qanunu” müxalif qüvvələrin “yalan maşını” vasitəsilə cəmiyyətə yanlış şəkildə təqdim olunub. Buna görə kütləvi etirazlar baş qaldırıb və bütün bunları nəzərə alan hakimiyyət heç bir qeyd-şərtsiz qanunu geri çəkir. Həmçinin, qeyd olunub ki, Gürcüstan bundan sonra da Avropa Birliyinə inteqrasiya siyasətinə sadiq qalcaq.

Lakin qeyd edək ki, elə Avropa Birliyinin özü bu qanunun qəbulunun əleyhinə olduğunu ən yüksək rütbəli rəsmilərinin dililə dəfələrlə ifadə edib. Özü də bu qanun məhz Gürcüstanın Avropa İttifaqına namizədliyi məsələsinin gündəmdə olduğu vaxtda qəbul olunub. Odur ki, əksər müşahidəçilərin də bildirdiyi kimi, İvanişvili hakimiyyətinin sözü ilə əməli arasında dərin uçurum var…

Tbilisidəki aksiyalara gəlincə, polisin güclü su şırnaqlarına baxmayaraq, əlində Avropa İttifaqının bayrağını dalğalandıran qadının və onun ətrafına toplaşan insanların görüntüləri bu etirazın simvoluna çevrilib. Maraqlıdır, görəsən Avropa Birliyinin özündə onun bayrağına belə fədakarlıqla sarılanlar varmı?...

C.Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Oxucu. 2023-03-09 19:54:02

Əsla yox,onlar abş-ın bayrağına özlərini sarıyarlar.

Son yazılar