AZƏRBAYCANDA İT MÜTƏXƏSSİSLƏRİ NİYƏ ÇATIŞMIR? – “İKT güzəştlər paketi” gec qəbul olunsa da...”

XXI əsri həm də İnformasiya texnologiyaları (İT) dövrü adlandırırlar. İnformasiya texnologiyaları isə çox geniş bir anlayışdır.

Bu gün demək olar ki, bütün sahələrdə qarşılaşdığımız - internet, kompüter, şəbəkələr və s. hər şey informasiya texnologiyalarının bir parçasıdır. Müasir dövrdə kompüter texnologiyalarından istifadə olunan bütün müəssisə, təşkilat və qurumlarda İT mütəxəssisi deyə bir vəzifə və bu vəzifənin gətirdiyi öhdəliklər var.

İT mütəxəssisi informasiya texnologiyalarına istiqamət verən, informasiyanın təhlükəsizliyinə nəzarət edən şəxs hesab olunur. Peşəkar İT mütəxəssisi olmaq üçün isə ən azı 5 illik təcrübəyə ehtiyac var. Bundan əlavə, bu sahədə ali təhsil almaq və ya müvafiq kurslarda iştirak etmək də vacib şərtlərdən biridir.

Qeyd edək ki, hazırda Azərbaycanda bir çox ali məktəblərdə və fərdi kurslarda bu ixtisas tədris olunur.

Lakin buna baxmayaraq, sözügedən sahə Azərbaycanda yenidir və son dövrlər inkişaf etməyə başlayıb. Ölkədə bu peşə sahiblərinə tələbat böyük olsa da, İT sahəsində ciddi mütəxəssis çatışmazlığı mövcuddur.

Buna səbəb 2015-2018-ci illərdə İT mütəxəssislərinin kütləvi şəkildə xaricə axın etməsidir. Təssüf ki, hazırda İT mütəxəssislərinin əksəriyyəti xaricdə daha yaxşı, perspektivli iş tapmaq üçün ölkədən gedirlər.

Ekspertlər bunu müxtəlif səbəblərlə izah etsələr də, problemin əsas qaynağının aşağı əməkhaqqı olduğu bildirilir. Ekspertlər hesab edirlər ki, ölkə üzrə proqramçıların maaşları yüksək olsa da, Avropa ilə müqayisədə olduqca aşağıdır.

Məsələn, hazırda normal İT bacarıqları olan mütəxəssislər çalışdıqları şirkətlərdən asılı olaraq aylıq 800-2000 manat civarında əməkhaqqı alırlar.

Ölkədə İT mütəxəssinin aylıq qazancı texminən belədir:

- junior (aşağı səviyyə) - 800 manat;

- midle (orta səviyyə) - 800-1500 manat;

- senior (yükəsk səviyyə) - 2000+ manat.

Müqayisə üçün hazırda ABŞ-da orta səviyyəli İT mütəxəssisinin aylıq qazancı 5 min dollardan yuxarıdır.

Açıqlanan hesabatlara görə, hər il ölkədə 3 min 500 İT mütəxəssisi hazırlansa da, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları üzrə 20 minə yaxın mütəxəssisə ehtiyac var.

Qeyd edək ki, bu sahədəki ciddi kadr çatışmazlığını nəzər alan hökumət, cari ildən İKT sahəsində müxtəlif güzəştlər tətbiq etməyə başlayıb.

Belə ki, ölkə başçsının müvafiq fərmanı əsasında 2023-cü il yanvarın 1-dən Azərbaycanın İKT sektoruna genişmiqyaslı güzəştlər tətbiq edilir. Bu dəyişikliklər nəticəsində İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara vergi güzəştləri tətbiq edilir.

Bununla yanaşı, müvafiq sənəddə həm yerli, həm də əcnəbi işçilərin məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı güzəştlər də nəzərdə tutulub. Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq.

Bu barədə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib ki, “İKT güzəştlər paketi”ndəki bənzər güzəştlər qonşu ölkələrdə daha öncədən qəbul edilib: “Həmin ölkələrə Rusiya, Belarus və Ukraynadan xeyli İT mütəxəssislərin relokasiyası da baş tutub. Azərbaycanda gec də olsa dəyişikliklər paketinin qəbulu çox əhəmiyyətlidir və bəzi ölkələrlə bu sahədə rəqabətədavamlılıq üçün münbit şərait yaradacaq. “İKT güzəştlər paketi” rəqəmsal sahibkarlığın inkişafı stimullaşdırılacaq, “beyin axını”nın qarşısını almağa kömək olacaq. Həmçinin sektorda yeni , rəqəmsal sahibkarlıq mədəniyyəti formalaşacaq”.

Ekspert qeyd edib ki, dəyişikliklər gələcəkdə ölkəmizin regionda İKT Mərkəzə çevrilməsinə də töhfə verəcək: “Əcnəbi İT mütəxəssis və şirkətlər üçün münbit şəraitin yaradılması sektora investisiyaların cəlbi, yerli İT kadrların hazırlanmasının sürətlənməsi və peşəkarlığının artırılması, innovativ mühitin inkişafı və ekosistemin yeni və daha peşəkar oyunçularla güclənməsi baxımından da əhəmiyyətlidir.

Düşünürəm ki, bütün bu dəyişikliklər və formalaşacaq yeni İT mühit gələcəkdə ölkəmizdə ÜDM-də İKT -nin xüsusi çəkisinin artmasında və İT eksportun həcminin yüksəlməsində də özünü göstərəcək”.

“Bununla belə, hazırda güzəştlərin tətbiqi istiqamətində informasiyalı mühit çox zəifdir. İndiki halda, güzəştlər paketinin necə tətbiq olunacağı, kimlərə şamil olunacağı , güzəştlərdən bəhrlənmək üçün yerli və xarici İT mütəxəsislərdən və kiçik-orta biznesdən tələb olunanlarla bağlı RİNN, KOBİA və digər aidiyyatı qurumlar tərəfindən maarifçilik işlərinin aparılmasına, bununla bağlı rəqəmsal platformanın yaradılmasına ciddi ehtiyac var”,- deyə ekspert qeyd edib.

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusunda hazırlanmışdır.


635x100

Şərhlər

Azərbaycan 2023-03-11 13:32:26

Bizim millətimiz savadlı millətdir. Oxumaq öyrənmək mümkündür. Sonra isə gərək adamın ola ya hansısa regiyondan olasan ki sənə iş verələr.

Ağasəf 2023-03-10 22:27:14

İt mütəxəsisi olmaq üçün 20-30 min pul xərcləmək lazımdır heç kim o qədər xərc və üstəlik əslziyyətdən sonra 800 m isləməz.

Son yazılar