Menu

Rusiya Ukraynada ələ keçirdiyi müasir silahları İrana göndərir – Səbəbi açıqlandı

11.03.2023, 11:48
Rusiya Ukraynada ələ keçirdiyi müasir silahları İrana göndərir – Səbəbi açıqlandı

İran tərs mühəndislik yolu ilə Qərb silahlarını istehsal edə bilər

Rusiya Ukraynada ələ keçirdiyi NATO və ABŞ istehsalı olan müasir silahları İrana verir, İran isə həmin silahları analiz edərək, oxşarını yaratmağa çalışır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “CNN” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Ukraynaya göndərilən silahların bir hissəsi qara bazarda satışa çıxarılıb. Belə ki, Ukraynadakı irqçi və neonasist təşkilatlar, ABŞ istehsalı olan “Javelin” və Britaniya istehsalı “NLAW” raketini, M-16 və M-4 tüfənglərini qara bazarda satışa çıxarıb və bu silahlar Rusiya tərəfindən satın alınıb. Eyni zamanda, qeyd olunub ki, qara bazarda satılan bu silahların İŞİD, PKK/YPG kimi terror təşkilatlarının əlinə keçmə riski mövcuddur.

“CNN” yazır ki, digər bir problem Rusiyanın Ukraynaya verilən silahları döyüş meydanında ələ keçirərək İrana verməsi ilə bağlıdır. Qeyd olunur ki, hərbi əməkdaşlığını artıran Rusiya və İran ABŞ silahlarını tərs mühəndislik yolu ilə istehsal etməyə çalışırlar.

Məlumata görə, Rusiya ələ keçirdiyi “Cirit” və “Stinger” raketlərini, bəzi rabitə cihazlarını və şifrəli radioları İrana təslim edib. ABŞ kəşfiyyatı bildirib ki, İran artıq bu cihazlar üzərində araşdırmalara başlayıb.

Qeyd olunub ki, İran bu silahların oxşarını istehsal edərək Yaxın Şərqdəki terror təşkilatlarını silahla təmin edə, həmçinin ABŞ və İsraillə mümkün münaqişə zamanı istifadə edə bilər.

Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin Yaxın Şərq üzrə təhlükəsizlik proqramının baş əməkdaşı və direktoru Conatan Lord bildirib ki, İran keçmişdə ələ keçirdiyi ABŞ silahlarının oxşarını istehsal etməyi bacarıb: “İran daha öncə “TOW” tank əleyhinə idarə olunan raketin tərs mühəndislik yolu ilə “Toophan” adlandırdıqları mükəmməl bir nüsxəsini yaradıb və onu “Hizbullah”a verib. İran bölgədə həm mülki, həm də hərbi aviasiyanı təhdid edə bilən “Stinger” raketləri ilə də eyni şeyi edə bilər. Həmçinin tərs mühəndislik yolu ilə yaratdıqları “Javelin”ləri “Hizbullah”a verə bilərlər. İranın əlində olan bu silahlar İsrail üçün real təhlükə mənbəyidir”.

“CNN” bildirir k, Pentaqon ötən ilin sonlarından etibarən ABŞ-ın Ukraynaya verdiyi silahları, o cümlədən ABŞ-ın Kiyevdəki səfirliyində yerləşən hərbi qulluqçularının fəaliyyətini yaxından izləməyə başlayıb.

Qeyd olunub ki, ABŞ rəsmiləri bu barədə verilən sualları cavablandırmasalar da, Ukraynaya NATO silahlarını qəbul etmək üçün sərt xəbərdarlıq ediləcəyi gözlənilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol