İRAN AZƏRBAYCANA QARŞI TƏXRİBAT TÖRƏTDİ - MN və XİN birgə məlumat yaydı

Bu gün, martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.

Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə bəyanatında qeyd olunub.

"Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir.

İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi.

İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq.

Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub", - birgə bəyanatda qeyd olunub.

635x100

Şərhlər

Tahir 2023-03-11 22:10:10

Dövlət nəyi etməyin lazım və mümkünlüyünü vətəndaşdan daha yaxşı bilir, əlbətdə. Ancaq bir vətəndaş olaraq artır dövlətimizin "qonşu" həm də "şiə təriqətinin başında duran" dövlət kimi İranın hər bir təxribatına LAZIM olan səviyyədə cavab vermək gücünü nümayiş etdirə bilməyimizdən qürur duyuram. Tələsmədən, səbrlə, ləyaqətlə. 44 günlük müharibənin qələbəsinin yaratdığı üstünlükləri hiss edə- edə, addım-addım...

dadaşyev 2023-03-11 21:11:04

İranın səfirini düşmən ölkə səfiri kimi dərhal ölkəmizdən qovmaq lazımdır.Düşmənin buynuzu olmur ki.Nə qədər ki bunu eləmirik,bizim çəkindiyimizi sanırlar.İran səfiri ölkədən qovulmalıdır.Və İranla bütün əlaqələr kəsilməlidir.Bunun heç o yan-bu yanı yoxdur.Bunu mütləq etməliyik.Ümumiyyətlə,niyə biz həmişə bu qədər gecikirik?Daha vacib işlərləmi məşğuluq?Bundan vacib işimiz varmı?Qonşu ölkə bizə düşmənlik edir,biz isə susuruq.

Azərbaycanlılar 2023-03-11 19:25:43

bunun cavabı eyni istiqamət üzrə qırıcı qaldırılması olardı-bizcə

Son yazılar