“Kremldə hesab edirlər ki, “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojinin Ukraynadakı hərbi əməliyyatlarla bağlı Müdafiə Nazirliyinin ünvanına işlətdiyi ifadələr və özünün “prezidentlik ambisiyaları” barədə fikirləri Rusiya hakimiyyəti üçün təhlükə törədir”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) son hesabatında bildirib.
“Prezidentlik ambisiyaları” deyərkən, söhbət Priqojinin “2024-cü ildə Ukraynadakı prezident seçkilərində iştirak edəcəyəm” açıqlamasından gedir. Kremldə bunun sətiraltı mənasının eyni ildə Rusiyada keçiriləcək president seçkilərilə bağlı olduğunu düşünürlər. İnstitutun mütəxəssisləri bunun təsdiqi kimi Kremlə yaxın politoloqlardan olan Aleksey Muxinin son açıqalmalarını göstərirlər.
Belə ki, Muxin Priqojini Rusiyada siyasi məqsədlər güdməkdə ittiham edib və ona ritorik sual verib ki, “Ukraynada prezidentlik ambisiyaları” ilə bağlı Putinlə məsləhətləşibmi?

Muxin deyib ki, Rusiya cəmiyyətində artıq Priqojinin “prezidentlik ambisiyaları”nın Ukrayna deyil, Rusiya ilə bağlı olduğuna dair təsəvvür yaranmaqdadır.
Kremlə yaxın politoloq Priqojinə xatırladıb ki, “Vaqner”-in bütün silah-sursatı, maliyyəsi Kremldən gəlir. Onun davranışları və açıqlamaları isə Rusiya ordusunun generalları və səhra komandirlərinin ondan üz döndərməsinə gətirib çıxarır.
ISW-də hesab edirlər ki, Muxinin Priqojinə qarşı sərt ritorikası bir daha “Vaqner”-in Baxmutda bilərəkdən rusiyalı generallar tərəfindən tələyə salındığı barədə qənaəti təsdiqləyir. Bunun nəticəsidir ki, faktiki olaraq, Baxmutda “Vaqner”-in ən təcrübəli qüvvələri Ukrayna Ordusu tərəfindən məhv edilir, onu cinahlardan dəstəkləməli olan ordu birləşmələri isə heç də vəzifələrini yerinə yetirməkdə həvəsli görünmürlər. Məqsəd Priqojini gücdən və Rusiya cəmiyyəti qarşısında gözdən salmaq, onu siyasi ambisiyalar barədə düşünmək imkanlarından məhrum etməkdir.
Qeyd olunur ki, bundan öncə Donbasdakı separatçıların ilk liderlərindən olmuş sabiq FTX polkovniki İqor Qirkin(Sterlkov) də dəfələrlə Priqojini siyasətə baş soxmasına görə tənqid edib. Ancaq institutda hesab edirlər ki, Muxin Kremlə bağlı politoloq olduğundan, onun Priqojinə yönələn ittihamları daha kəsərli və əhəmiyyətlidir.
Göründüyü kimi, müharibədəki uğursuzluqlar fonunda Rusiyada hakimiyyətdaxili mübarizə daha da qızışmaqda davam edir və önə çıxanlar təşkilatlanmış, sivil siyasi qüvvələr yox, kriminal hərbi qruplaşmalara başçılıq edənlər, xüsusi xidmət orqanları və hərbçilərdir.
“AzPolitika.info”


Şərhlər