Ermənistan milli olimpiya komitəsi (MOK) baş katibi Qraçya Rostomyan və MOK idarə rəisi Vaginak Qalstyan Avropa olimpiya komitəsinin 21-22 noyabr tarixlərində Bakıda keçiriləcək 43-cü sessiyasında iştirak edəcəklər.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə dünən Ermənistan MOK mətbuat xidmətindən məlumat verilib.
2015-ci il 12-28 iyun tarixlərində Azərbaycan paytaxtı ilk Avropa olimpiya oyunlarına ev sahibliyi edəcək.
“ Toplantı gündəliyinə digərləri ilə bir sırada ən mühüm məsələ- Birinci Avropa olimpiya oyunlarının keçirilməsi- daxil edilib”,- deyə məlumatda söylənilir. Sessiya iştirakçıları başda Avropa Olimpiya Komitəsi prezidenti Patrik Hiki olmaqla Oyunların keçirilməsi üçün tikilən idman bazalarını ziyarət edəcək, o cümlədən hazırlıq işlərinin gedişi ilə tanış olacaqlar.
İndiyə qədər Ermənistan idmançılarının Bakıda keçiriləcək Oyunlarda iştirak edib-etməyəcəyi dəqiq məlum deyil.
Azərbaycan hökuməti Ermənistanda olan idmançılara viza verilişi və onların təhlükəsizliyinin təmini məsələlərində zəmanət təqdim etməyə hazılığını bildirib. Bundan əvvəl Azərbaycan tərəfindən Ermənistan MOK Avropa oyunları-2015-də iştirak üçün dəvət yollanılıb.


Şərhlər