İRAN BİZDƏN NƏ İSTƏYİR?

Nurəddin İSMAYIL

İran molla rejimi Azərbaycana qarşı məkrli siyasətini davam etdirməkdədir. Nə qonşuluq haqqı, nə din qardaşlığı, nə xalqlarımız arasında uzun əsrlərin tarixi, mədəni birliyi, nə də bütün dövlətlər üçün qorunması məcburi xarakter daşıyan beynəlxalq hüququn təməl prinsipləri onun nifrin üzərində köklənmiş siyasətinə bilmərrə təsir göstərmir.

Gah gizli, gah da açıq formada təzahür edən, beynəlxalq şərtlərin diktəsi ilə bəzən səngiyən, bəzən də kəskin qabaran bu məkrli siyasətin uzantıları çox əvvələ - İran-Turan davalarına qədər gedib çatsa da, sonrakı dönəmlərdə sasani-fars hegemonluğunun süquta uğraması onu ta pəhləvi rejimi tarix səhnəsinə çıxanadək qınına çəkilməyə məcbur etdmişdir. Etnik ayrıseçkiliyin kuliminasiya nöqtəsinə çatdığı pəhləvi rejimi sonradan bu ayrıseçkiliyin daha iyrənc formada davam etdiyi məzhəbçi molla rejimi ilə əvəzlənmiş və türk kimliyinə qarşı o zamandan başlayan mənfur fars siyasəti öz mahiyyətini dəyişməmişdir. Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra iki ölkə arasında qarşılıqlı əməkdaşlığa söykənən yeni münasibətlər sistemi yaranmasına baxmayaraq, molla rejimi güneydə yeritdiyi irqçi, məzhəbçi siyasətini din pərdəsi altında qüzeyə transfer etməyə başladı. Onun ilkin hədəflərindən biri ölkəmizdə Qum məktəbinin filiallarını təsis etmək və bura göndərdiyi molla güruhu vasitəsi ilə xalqımızın xurafata meyilli hissəsini öz təsir dairəsinə salmaq idi.

Nə yazıqlar ki, vətəndaşlarımızın sadəlövhlüyündən və dövlətin əsas gücünün erməni təcavüzünün qarşısının alınmasına yönəlməsindən ustalıqla yararlanan İran son 30 ildə müəyyən qədər öz hədəflərinə yetişmiş, ayrı-ayrı bölgələrdən tutmuş paytaxt Bakımıza qədər əhalimizin bir hissəsini özünün “şiə qardaşlığı” moizəsinə inandıra bilmişdir. Lakin zəfərlə başa çatan İkinci Qarabağ savaşının gedişi sözün əsl mənasında İranın iç üzünü astara çıxardı.

Məlum oldu ki bizə din təəssübkeşliyi adı altında mövhumat ixrac edən molla rejimi, təcavüzkar, xristian haylara müharibədən qalib çıxmaları üçün silah, sursat, kəşfiyyat materialları ötürür və bu dövlətin işğalçı siyasətini dəstəkləyir. Onun son 3 ildə ölkəmizə qarşı törətdiyi təxribatlar, hədə-qorxu, casus şəbəkələri vasitəsi ilə dövlətimizi içdən zəiflətmə cəhdləri bir silsilə təşkil edir.

44 günlük savaş ərzində ördu bölmələrimizin qarşısının kəsilərək ermənilərə vaxtdan yararlanmaq şansı verilməsi, Araz boyu hərbi təlimlər keçirib əzələ nümayiş etdirməsi, Qafanda konsulluğun açılması, ən dəhşətlisi isə İrandakı səfirliyimizdə terror aktı həyata keçirməsi, Azərbaycanın hava məkanını pozaraq hərbi təyyarələrlə manevr etməsi faktları onu göstərir ki, bu ölkə yönətimi öz köhnə ampluasındadır və Azərbaycanın müstəqil dövlət olmasından sonu bitməyən qıcıq keçirir.

Hələ ibtidai dövrlərin vəhşi tayfaları belə, bütün qanlı münasibətlərə baxmayaraq göndərdiyi elçilərin toxunulmazlığını qəbul edib, qədim yunan şəhər-dövlətləri bu kuralları gözləyərək hətta müharibə vaxtı onun ərazisində olan tacirlərə, elçilərə mərhəmətdə bulunub, müharibə qurtarana qədər şəhərlərində qalmasına şərait yaradıblar.

Özünü bizə din qardaşı kimi sırıyan İran nə etdi? Günün günortası Azərbaycanın suveren ərazisi sayılan səfarətxanaya terror hücumu təşkil edib, sonra da bir əməkdaşımızın ölümü, digərinin ağır yaralanması ilə nəticələnən bu qanlı hadisəyə ailə zəminində baş verən hadisə donu geydirdi.

Düşünmək gərək, İran bizdən nə istəyir, bunun qarnının azarı nədir? Müasir dövrdə dövlətlər bir-biri ilə olan ictimai-siyasi əlaqələrini beynəlxalq hüquq normaları üzərində qurur. Hansı hüquq İrana əsas verir ki, Azərbaycanın daxili işlərinə qarışsın və desin ki, sən başqa bir ökə ilə diplomatik əlaqlər qurmaq üçün məndən icazə almalısan? Hansı hüquq ona əsas verir ki, özü təcavüzkar bir ölkəni himayə etdiyi halda, ona hər cür silah, sursat yardımı göstərdiyi halda sənə desin ki, başqa bir ölkə ilə silah-sursat alveri etməyəcəksən. Suriyada, İrakda, Livanda, Fələstində, Yəməndə terror dəstələri yaradan sən, o ölkələrin varlığını kölgə altına salan sən, bunlar yetərli deyilmiş kimi hələ durub da, həyasızcasına, Azərbaycana öz haqqını savunmaq, dünya dövlətləri ilə müstəqil xarici siyasətini qurduğu üçün ona barmaq da silkirsən.

Fikrimizcə, İranın ölkəmizə qarşı bu aqressivliyinin kökündə yuxarıda sadalanan faktlarla yanaşı müasir dövrdə Azərbaycanın bölgədə və dünyada çəkisinin artması, İranın da işğalında payının olduğu ərazilərimizin azad edilməsi və Qarabağ savaşında qələbəmiz, Cənubi Qafqaza ayaq açan ABŞ və digər Qərb ölkələrinin onu bölgədən sıxışdırma cəhdləri, qardaş Türkiyə, İsrail, Pakistan kimi ölkələrlə əlaqlərimizin bərkidici rolu, öz daxilində yaranan sosial, iqtisadi gərginliklərin, inqilabi kataklizmlərin səbəbini xarici düşmənlərlə əlaqələndirib, xalqın başını qatmaq...

Azərbaycan İranla bağlı öz xarici siyasətində bu faktorları diqqətdə saxlamalı, daxili siyasətində xarici basqılara sipər olan vətəndaş həmrəyliyini qorumalı, məzhəbçi şüarlardan ekstaza gələn İran siyasətinə qarşı önləyici tədbirlər görməli, bölgədə və dünyada gücünə güc qatan demokratik dəyərlərə sayqı nümayiş etdirməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar