Co Baydenin administrasiyası TikTok sosial şəbəkəsinin çinli sahiblərindən öz səhmlərini satmağı tələb edir. Əks halda TikTok ölkədə qadağan oluna bilər.
“AzPolitika.info” xəbər verir ki, bunu “Wall Street Journal” vəziyyətlə tanış olan mənbələrə istinadla yazıb.
ABŞ administrasiyası TikTok-a milli təhlükəsizliyə təhdid kimi baxır.
Martın əvvəlində Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ABŞ Prezidentinə ölkədə bu sosial şəbəkənin fəaliyyətinə qadağa qoymağa imkan verən qanun layihəsini təsdiqləyib.
“Bayden administrasiyası TikTok-un çinli sahiblərindən öz paylarını satmağı və ya tətbiqi ABŞ-da qadağan etməklə hədələyib... ABŞ Xarici İnvestisiya Komitəsi bu yaxınlarda satış tələbi ilə çıxış edib” – deyə, qəzet adı açıqlanmayan mənbələrə istinadən yazıb.
“Wall Street Journal”a görə, çərşənbə günü TikTok nümayəndələri məcburi satışın təhlükəsizlik riskinin aradan qaldırılmasına kömək etməyəcəyini bildiriblər.
"Məqsəd milli təhlükəsizliyi qorumaqdırsa, aktivlərin bir hissəsinin satışı problemi həll etməyəcək: mülkiyyətçinin dəyişdirilməsi məlumat axınına və ya onlara girişə heç bir yeni məhdudiyyət qoymayacaq" – deyə, TikTok sözçüsü Brooke Oberwetter bildirib.
TikTok sahibi ByteDance-in 60% qlobal investorlara, 20% işçilərə və 20% daha çox səsvermə hüququna malik olan şirkətin təsisçilərinə məxsus olduğu bildirilir. Nəşrin məlumatına görə, şirkət ABŞ istifadəçilərinin məlumatlarını və onların yazışmalarının məzmununu Çin hökumətindən qorumaq proqramına 1,5 milyard dollar xərcləməlidir.
Rasim
“AzPolitika.info”


Şərhlər