“AĞZINI YUM VƏ SUS!” – “Özünü dövlət başçısı yox, əski parçası kimi aparır...” (VIDEO)

Putinin Rusiyadakı hakimiyyətdaxili mübarizəyə, informasiya mühitinə, siyasi proseslərə nəzarət imkanlarının getdikcə azaldığı açıq-aydın görünməyə başlayıb. Hətta Kremlin təbliğat kanallarında belə bəzən Putinin və ordu rəhbərliyinin yarıtmazlığına, hətta xəyanətinə eyham vuran çıxışlara rast gəlinir. Hakimiyyət daxilindəki klanların, qruplaşmaların, güc strukturlarının və s. didişmələri isə cəbhədəki uğursuzluqlar davam etdikcə, daha da kəskin xarakter alır.

“AzPolitika.info” xəbər verir ki, Donbasdakı silahlı separatizmin yaradıcılarından biri, imperiyaçı, şovinist baxışları ilə tanınan sabiq FTX polkovniki və qondarma “dnr”-in sabiq “müdafiə naziri” İqor Strelkov(Qirkin) Vladimir Putini açıq şəkildə təhqir edərək, alçaldıb. O, öz kanalında Rusiya başçısının Çin sədri ilə görüşü zamanı söylədiklərini və bundan öncəki çıxışlarını nəzərdə tutaraq, deyib: “Ağzını yum! Vladimir Vladimiroviç, yaxşısı budur, sadəcə ağzını yum və sus! Biz də sənə görə utanmarıq ki, ölkəmizdə sənin kimi Prezident var, düşmənlərimiz də bizə istehza etməzlər!”

Daha çox Rusiya FTX-sının adamı kimi tanınan Qirkin deyib ki, indiyə qədər baş verən uğursuzluqlara, məğlubiyyətlərə görə şəxsən Putin məsuliyyət daşıyır və buna baxmayaraq, o, heç olmasa özünü ləyaqətli apara da bilmir: “Dərindən anlayıram ki, baş verənlər və baş verəcəklərə görə birinci növbədə Rusiya Federasiyası Prezidentinin böyük günahı var. Hansı ki, hal-hazırda da özünü min illik tarixi olan nəhəng dövlətin başçısı yox, əski parçası kimi aparır”.

Strelkov daha sonra Putini “lox” adlandırıb və Qərblə “qumar oyununda” uduzduğunu, aldadıldığını bildirib. O, həmçinin Ukrayna Ordusunun daha hazırlıqlı və bacarıqlı olduğunu və “ağılla idarə olunduğunu” söyləyib: “Faktiki olaraq, düşmən böyük hücum hazırlayır və bunun başlanmasına nə qədər vaxt qaldığını bilmirik. Bəlkə aprelin ortalarında, bəlkə də daha tez zərbə endirəcəklər. Onlar eyni zamanda bir neçə istiqamətdən vuracaqlar... Düşmən ciddi və daha peşəkar döyüşür. Təkrar edirəm, təəsüf ki, düşmən komandanlıq nöqteyi-nəzərindən Rusiya komandanlığına nisbətən dəfələrlə yaxşı döyüşür... Yaxın günlərdə və həftələrdə Baxmutu ələ keçirə biləcəyimizi deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, “Vaqner”-in qüvvələri böyük ölçüdə tükənib. Artıq deyə bilərik ki, Uqledar və Maryinka istiqamətində hücumlar uğursuzluqla başa çatıb”.

Qirkin bütün bu dediklərinin əsassız olmadığını bildirib və Putinin yarıtmaz siyasətini tənqid edərək, konkret nümunələr gətirib. O, qarşıda gözlənilən Ukrayna əks-hücumunun vəziyyəti daha da ağırlaşdıracağını və ən sonda Putinin Qəddafi, Səddam Hüseyn, Miloşeviç kimilərinin aqibətini yaşayacağını söyləyib. Qirkinin bu dedikləri Rusiya siyasi mühitində və sosial şəbəkələrində böyük əks-səda doğurub. Eyni zamanda bunu son illər mətbuatda, ictimai səviyyədə Rusiyada yaşayan tanınmış simalar tərəfindən Putinin ilk dəfə bu cür aşağılanması faktı hesab etmək olar. Bundan illər öncə eyni ritorikada yalnız sonradan qətlə yetirilmiş Boris Nemtsov və bir neçə digər müxalifətçi çıxış etmişdi ki, onların da əksəriyyəti artıq ya qətlə yetiriliblər, ya həbsxanadadırlar, ya da Rusiyadan qaçıblar. Ancaq Qirkin xeyli müddətdir ki, Putini tənqid etsə də, ona dəymirlər, indi isə bu tənqidlər açıq təhqirə çevrilib. Bu da bir tərəfdən onun Kremldəki güclü qruplaşmalardan biri tərəfindən himayə olunduğu, digər tərəfdən isə Putinin nüfuzunun ayaqlar altına düşməsi və vəziyyətə nəzarət imkanlarının azalması təsəvvürünü yaradır.


C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar