PRİQOJİN KREMLƏ QARŞI! - “Rusiya NATO ilə yox, Ukrayna ilə savaşır, nasistlər isə...”

“Rusiya NATO ilə yox, NATO texnikası ilə təmin olunmuş sırf ukraynalılarla və Ukraynanı könüllü olaraq dəstəkləyən bəzi rusofob muzdlularla döyüşür”. 

“AzPolitika.info” xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin son müsahibəsində bildirib.

Bununla da Kremlin və onun təbliğatçılarının xeyli vaxtdır “Rusiya Ukrayna ilə yox, bütövlükdə NATO ilə savaşır” tezisini və təbliğatını “baltalayan” Priqojin hətta hakimiyyəti NATO-nun Ukraynaya dəstəyini öncədən lazımınca qiymətləndirməməkdə günahlandırıb: “Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəyə başlayanda NATO-nun Ukraynaya köməyini nəzərə almadığını düşünmək gülməlidir”.

Kremlin və şəxsən Putinin işğalçılıq savaşına başlayarkən irəli sürdüyü “denasifikasiya” bəhanəsini də “vuran” Priqojin müsahibəsində Ukraynada nasistlərin olmadığına işarə vuraraq, deyib ki, “Ukraynada nasistlərin olub-olmadığını bilmir”.

“Demilitarizasiya”ya gəlincə isə Priqojin deyib ki, bunun üçün bütün Ukrayna Ordusu məhv edilməlidir. Lakin bunun da mümkünlüyünə “Vaqner” başçısı böyük şübhə ilə yanaşdığını gizlətməyib.

“Vaqner” başçısının bu bəyanatrlarına ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) da son hesabatında verib. İnstitutun mütəxəssisləri hesab edirlər ki, bununla Priqojin Kremlin əvvəlcədən göstərdiyi müharibə hədəflərini və guya Ukraynadan gələn NATO təhlükəsilə bağlı tezislərini alt-üst edib. Priqojin həmçinin, müsahibəsində Rusiya KİV-lərini və hərbçilərini Ukrayna Silahlı Qüvvələrinin gücünü düzgün qiymətləndirməyə və bunu bilərəkdən azaltmamağa çağırıb.

Qeyd edək ki, sözügedən müsahibədən bir neçə gün əvvəl Priqojin Müdafiə naziri Sergey Şoyquya mətbuat vasitəsilə açıq şəkildə müraciət edərək, ondan silah-sursat və Baxmut uğrunda döyüşən “Vaqner”-ə dəstək istəyib. O, deyib ki, Ukrayna Ordusu həmin istiqamətdə 80 minlik hərbi qruplaşma formalaşdırıb və əks-hücuma keçməyə hazırlaşır. Əgər bu baş verərsə, nəticədə “Vaqner” birləşmələri əsas Rusiya qüvvələrilə əlaqəni itirə və mühasirəyə düşə bilər.

Əksər təhlilçilər hesab edirlər ki, Priqojinin bütün etiraz bəyanatları və narazılıqları artıq təkcə Müdafiə Nazirliyi rəhbərliyi və generallara deyil, həm də Kremlə qarşı yönəlib. Belə ki, Putinin bir müddət əvvəl general Sergey Surovikini çıxararaq, Priqojinin gecə-gündüz təhqir və təhdid etdiyi Baş Qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı işğalçı orduya rəhbər təyin edib. Ardınca “Vaqner”-in həbsxanalardan məhbus toplamasına qadağa qoyulması və silah-sursat təminatının onun istədiyi səviyyədə gerçəkləşdirilməməsi, hətta bu da azmış kimi, şəxsən Priqojinin nazirliklərə və ölkə rəhbərliyinə birbaşa çıxışını təmin edən rabitə xətti kəsilib,onun buraxılış vərəqələri ləğv edilib. Həmçinin Ramzan Kadırovun onun əleyhinə danışdırılması və s. dıgər faktlar Priqojinin Kreml üçün tamamilə arzuolunmaz şəxsə çevrilməsindən xəbər verir. “Vaqner” başçısınınsa gücü yalnız bu cür bəyanatlara və rəhbərlik etdiyi “başkəsənləri” Ukraynadan çıxaracağına dair eyhamlara çatır.

Belə ki, Bundan öncə “Bloomberg” Priqojinin öz qüvvələrini Ukraynadan çəkmək və yenidən Afrikaya qayıtmaq fikrində olduğuna dair məlumat yayıb. Xatırladaq ki, “Vaqner”-in azı 10 Afrika ölkəsində ciddi hərbi-siyasi təsiri, maraqları və böyük gəlirləri var.

Ancaq görünən odur ki, Rusiya hərbi-siyasi rəhbərliyində, “səhra komandirləri” və generallar arasında davam edən didişmələr artdıqca Ukraynanın gözlənilən əks-hücumunun effekti də yüksək olacaq və bu həmlə təkcə Priqojinin deyil, Kremldəkilər də daxil olmaqla, çoxlarının taleyini həll edə bilər.

C.Məmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

Camal 2023-03-25 23:45:50

keç Ukrayna tərəfə...

Son yazılar