“BÜTÜN BUNLARA GÖRƏ PREZİDENT CAVAB VERƏCƏK...” - Əhmədovla Priqojinin telefon danışığı “bomba effekti” yaradıb + AUDİO

Sirr deyil ki, Ukraynada davam edən işğalçılıq müharibəsinə və Putin hakimiyyətinin yürütdüyü siyasətə Rusiya elitasının münasibəti günbəgün pisləşməkdədir. Hələ müharibə başlayanda bir çox rusiyalı oliqarxlar, məmurlar, elm, incəsənət adamları və s. bu avantüranın Rusiya üçün olduqca baha başa gələcəyini proqnozlaşdırmışdılar və onların bir hissəsi Rusiyanı tərk etmişdi. Rusiyada qalanların isə böyük əksəriyyəti artıq müharibənin bir ilinin tamamında hadisələrin Rusiyanın məğlubiyyətinə və hətta dağılmasına doğru getdiyini anlayır və narahatlıqlarını gizli, bəzənsə açıq formada büruzə verirlər.

“AzPolitika.info” xəbər verir ki, Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovla Rusiya elitasının digər nümayəndəsi – tanınmış prodüser və iş adamı İosif Priqojinin ötən gün mətbuata və sosial şəbəkələrə sızdırılan telefon danışığı böyük əks-səda doğurub. Həm Rusiyada, həm Ukraynada, həm də Qərb mətbuatında bu mövzuya geniş yer verilməkdədir.

Məsələ ondadır ki, bu telefon söhbətində hər iki tərəf Putin hakimiyyətini və şəxsən Rusiya başçısını kəskin tənqid edir, Ukraynadakı müharibəyə görə qınayır. Bunun Rusiyaya çox baha başa gəldiyini bildirir və Rusiya elitasının düşdüyü durumdan, sanksiyalardan, gələcəyin qaranlıq görünməsindən gileylənir. Hətta Rusiyanı “faşizm və diktatura” gözlədiyini bildirirlər.

Məsələn, İ.Priqojin Putini və onun ətrafını nəzərdə tutaraq, “onlar cinayətkardırlar” deyir.

Fərhad Əhmədov isə bu müharibənin hər bir gününün çox baha başa gəldiyini qeyd edərək, “orada nə qədər günahsız insan əziyyət çəkir, nə qədər qan tökülür”, - deyə bildirib.

Priqojin Putinin ətrafını “həşəratlar” və “alçaqlar” adlandırır. Eyni zamanda bildirir ki, Putinin yaxın adamlarından olan “Rosneft”-in rəhbəri İqor Seçin və “Rosqvardiya”nın başçısı Viktor Zolotov birləşərək, Müdafiə naziri Sergey Şoyqunu hədəfə alıblar. Məqsəd isə müharibədəki məğlubiyyətə görə bütün məsuliyyəti onun üzərinə atmaqdır. Ardınca Priqojin Putini nəzərdə tutaraq, deyir: “Görürsən o, nə etdi? O, şahmat lövhəsində onları qarşı-qarşıya qoydu ki, təki özünü xilas etsin”.

Fərhad Əhmədov isə cavabında bildirir: “O, xilas ola bilməyəcək, hər şeyə görə o cavabdehdir. Bizdə respublikadır, Prezident ölkəsidir. Bütün bunlara görə Prezident cavab verəcək. Ondan hesab sorulacaq..”

Əhmədov Putini nəzərdə tutaraq, “o, deyir ki, ən başlıcası ordudur, lakin məlum olur ki, ordu da yoxdur”. Milyarder Ukraynadakı müharibəni “qardaş qırğını” adlandırır və bu müharibədə qalib gəlməyin mümkün olmadığını bldirir.

Priqojinə Rusiya hakimiyyəti ilə məsafə saxlamağı məsləhət görən Əhmədov daha sonra əlavə edir ki, Putin geri çəkilməyəcək və bu qarşıdurma hələ uzun müddət çəkəcək: “O, geri çəkilməyəcək, irəli isə gedə bilmir. Orada didişmədir. Bu tarakanlar stəkanda bir-birini gəmirirlər... Onlar bir-birilərini boğacaqlar. Çünki onlar batırlar. Onlar başa düşürlər ki, hər şey bitib...”

Ardınca Azərbaycan əsilli milyarder şəxsən Putinin ünvanına kəskin ifadələr işlədir: “Onun heç nə vecinə deyil (söyüş söyür-red.), xalq vecinə deyil. O, şeytandır...”

Fərhad Əhmədov Putini və Dmitri Medvedevi nəzərdə tutaraq, onları “böyüməmiş liliputlar” adlandırır.

Sözügedən telefon söhbətinin iki ay əvvəl qeydə alındığı güman olunur. Priqojin artıq baş verənlərə münasibət bildirərək, danışıqdakı səsin ona aid olmadığını, danışığın montaj edildiyini və yayılan məlumatın “feyk” olduğunu iddia etsə də, buna demək olar ki, heç kim inanmır. Hətta Rusiya FTX-sının adı çəkilməyən nümayəndəsi mətbuata səsyazmanın gerçək olduğunu bildirib və hətta bununla bağlı araşdırma aparıldığını deyib.

Telefon danışığının hansı xüsusi xidmət orqanı tərəfindən lentə alındığı və paylaşıldığı barədə isə konkret məlumat verilmir.

Fərhad Əhmədova gəlincə, milyarder həmsöhbətindən fərqli olaraq susur və hələlik sosial şəbəkələrdə və mətbuatda bomba partlayışı effekti yaradan hadisəyə münasibət bildirməyə tələsmir.

C.Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Eli 2023-03-28 16:51:34

Roma bey çox düzgün ve haqlı rey verir.İnsanın başına iki şeyden bela gele biler : dilinden ve tamahından.Allah insanı xelq edende bir parça ete -Dile en möhkem sümükden -32 dişden çeper çekib ancaq bu et parçası öz işindedir.Putin ise bu meseleni bele qoymaz intiqamını alacaq Allah kömeyi olsun Ferhad bey her halda Xodorkovskiden ne güclü ne de ağıllı deyil.

Roma 2023-03-27 12:32:55

Fərhad Əhmədov, sənə bu lazım idimi, ermənilər yalandan, Putinə yarınırlar və ona görə də ondan tam istifadə edirlər, bizimkilər isə bax bu Fərhad sayağı "quş buraxırlar"...illər öncə Telman İsmayılov, indi də Fərhad...Telman ermənini (avraam russo) restorandan gətirib, rusiyada 5-10 oxuyandan biri etdi, indi də o, qaydıb üzünə durur, bu da durub priqojinnən Putini müzakirə edir...İndi baxarsınız Fərhadın başına hansı oyunları açacaqlar...Rusiyadakı ermənilərdən birini göstərin görək "quş buraxıbmı"???ola bilməz, yoxdur, mümkün deyil...

Son yazılar