Paşinyan xarici siyasətdə xaos yaradıb - “Qriqoryan və Mirzoyanın bütün səyləri nəticəsiz qalır”

“Ermənistan hakimiyyəti xarici siyasət manevrlərində maksimum həddə çatıb. Son bir neçə həftə ərzində “yadlar arasında bizim, doğmalar arasında qərib” kimi xarakterizə edilən erməni xarici siyasətində geosiyasi kimlik böhranı kimi xarakterizə olunan hadisələr baş verib”.

“AzPolitika.info” xəbər verir ki, politoloq Fərhad Məmmədov Nikol Paşinyan hökumətinin ziqzaqlı xarici siyasətini dəyərləndirərkən belə deyib. Ekspert fikrini əsaslandırmaq üçün konkret misallar gətirib:

“- İranın İrəvandakı səfirinin müavini Avropa İttifaqı missiyası ilə bağlı tənqidi açıqlamalar verib;

- Ermənistan Konstitusiya Məhkəməsinin Roma Statutu ilə bağlı qərarı Kremlin qarşısına qırmızı xətt çəkdi və Ermənistan-Rusiya münasibətlərini dərin böhrana sürüklədi. Paşinyana yaxın media Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq istəyi ilə bağlı qərarına bəraət qazandıran, bu addımın Rusiya əleyhinə olmadığını əsaslandıran yazılar dərc etsə də, bu cəhdlər səmərəsizdir;

- KTMT missiyasının Ermənistana gətirilməsi ilə bağlıtəklifi İrəvan üçün ultimatum hesab oluna bilər;

- Demokratiya Sammitində Paşinyan Rusiyanın Ukraynaya təcavüzünün tənqid olunmasına qarşı çıxdı. Paşinyan hökuməti bu qərarını mətndə “Azərbaycanın təcavüzünün” qeyd edilməməsi bəhanəsi ilə izah edərək, xüsusi açıqlama hazırlamağa məcbur oldu..."

F.Məmmədovun sözlərinə görə, beləliklə, Paşinyan həm Demokratiya Sammitinin anti - Rusiya mövqeyini, həm də KTMT-nin missiyasını qəbul etməkdən imtina edir.

Onun sözlərinə görə, Ermənistanın beynəlxalq aləmdə yaratdığı səs-küy real qərar qəbuluna gələndə uğursuzluğa düçar olur.

“Qriqoryan və Mirzoyanın xaricdəki bütün diplomatik səyləri nəticəsiz qalır”, - təhlilçi qeyd edib.

Ekspert bildirir ki, Ermənistanın xarici siyasətin imkanlarının məhdud olmasının əsas səbəbi Azərbaycana qarşı təcavüzkar siyasəti davam etdirməsidir: “Yalnız Azərbaycana qarşı təcavüzkar siyasətdən əl çəkməklə Ermənistan subyektiv ola bilər. Paşinyan, Qriqoryan və Mirzoyanın savadsızlığı, cəhaləti və populist xarakteri pis nəticələrə gətirib çıxardı. Belə ki, erməni siyasətçiləri müəyyən dəstək almaq üçün müxtəlif güc mərkəzləri ilə əməkdaşlıq etsələr də onların maraqlarını başa düşmür və qəbul etmirlər. Bu mərkəzlərin maraqları isə bir-birləri ilə ziddiyyət təşkil edir. Bu mərkəzlər Ermənistana göstərdikləri yardımın qarşılığında öz gözləntilərini çatdırdıqda, Paşinyan hökumətinin atdığı hər hansı addımı digər tərəfdaşla münasibətlərdə böhrana gətirib çıxarır”.

F.Məmmədov bildirir ki, Rusiya bazasını, Aİ missiyasını, İran təxribatçılarını, ABŞ-ın ən böyük səfirliyini ölkəyə gətirmək heç bir intellektual qabiliyyət tələb etmir.

“Ermənistanın hazırkı liderlərinin düşüncə səviyyəsi ölkədə qarışılılıq yaradır və onlar da idarəolunmaz böhranlara gətirib çıxarır. Xalqınızı şifahi manipulyasiyalarla aldada bilərsiniz, amma beynəlxalq arenada bunlar heç bir işə yaramır. Bu arada “yerdə” Azərbaycan öz gündəliyinə uyğun fəaliyyətini həyata keçirir”,- F.Məmmədov vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar