Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesində universitetin keçmiş rektoru Nurlana Əliyeva dindirilib.
"Report" xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən sabiq rektor barəsində səsləndirilən ittihamlarla razı olmadığını bildirib.
O, Dürdanə Əliyevanı tanımadığını, tələbələrin təhsilhaqqını ödəmədiklərini söyləyib: “Təhsilhaqqı birbaşa sistemə otururdu. Pulun nağd şəkildə dekana ödənilməsi faktı ilə qəti razı deyiləm. Pandemiya dövründə ödəmələr azaldı, çünki tələbələr onlayn şəkildə təhsil alırdılar. Təhsil haqqını ödəmədiyinə görə hansısa tələbənin universitetdən qovulması mümkün deyil. Dürdanə Əliyeva ilə hansısa pul razılaşması olmayıb”.
Təqsirləndirilən şəxsin vəkili isə bildirib ki iş üzrə 123 tələbə 226 960 manatlıq mülki iddia qaldırıb: "123 tələbədən 95-i məhkəmədə ifadə verərək universitet daxilindəki ödəmə terminalının işləmədiyini bildirib. Bu səbəbdən onlar təhsilhaqqını bir çox hallarda dekanlığa yaxınlaşıb nağd şəkildə ödəyirdilər”.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.
D.Əliyevanın qanunsuz əməllər törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
***
Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Nurlana Əliyeva məhkəməyə gəlib.
APA-nın Bakı Ağır Cinayətlər Məhkəməsində olan əməkdaşı xəbər verir ki, Nurlana Əliyeva əvvəllər rektoru olduğu universitetin əyani və qiyabi şöbəsinin keçmiş rəhbəri Dürdanə Əliyevanın cinayət işi üzrə şahid qismində ifadə verəcək.
Nurlana Əliyeva təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəməyə çağırılıb.
Keçmiş rektor məhkəmədən yayındığı üçün barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Prosesə sədrlik edən hakim Əli Məmmədov “şöbə müdiri ittiham olunursa” universitet rəhbəri məhkəmədə dindirilməlidir”-deyərək məcburi gətirilmə qərarını dəfələrlə qüvvədə saxlayıb.
Prosesin gedişi barədə məlumat veriləcək.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda göstərilən əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib. Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.


Şərhlər
Nurlanaya men shexsen 7 min manat rushvet vermishem.
Mən 100% əminəm ki, Nurlana xanım yalan danışır, belə ki, heç bir təşkilatda 1-ci şəxsin icazəsi olmazsa belə hərəkətə yol verilə bilməz...İndi Nurlana xanım da qalıb odla su arasında...