“HAMINI ÖLDÜRƏCƏYİK, HAMINI QARƏT EDƏCƏYİK...” - “Hərbi bloqer” Tatarskiy nəyin güdazına gedib?

“Hamıya qalib gələcəyik, hamını öldürəcəyik, lazım olan hamını qarət edəcəyik, hər şey biz sevdiyimiz kimi olacaq...” Bunu ötən ilin sentyabrında Vladimir Putinin Ukraynanın işğal olunmuş ərazilərini Rusiyaya birləşdirmək qərarını elan etdiyi təntənəli yığıncaqdan sonra, həmin tədbirə dəvət olunmuş “hərbi bloqer” Vladlen Tatarskiy canlı bağlantıda demişdi.

Həmin vaxt onun bu aşırı dərəcədə aqressiv və sadist açıqlaması geniş rezonans doğurmuşdu. Bu “reportyor”un “hamını qarət edəcəyik” ifadəsindən istifadə etməsi isə təsadüfi deyildi, çünki o, hələ 2011-ci ildə məhz qarət üstündə Ukrayna hüquq-mühafizə orqanları tərəfindən yaxalanaraq, həbs edilmişdi. Belə bir cinayətkarın Putinin tədbirində “fəxri qonaq” kimi iştirakı Putin hakimiyyətinin kimlərin ümidinə qaldığının, hansı “mənəvi dəyərlərə” söykəndiyinin və bu rejimin mənəvi-ideoloji çöküşünün hansı səviyyələrə çatdığının bariz göstəricisi idi...

Məlumat üçün bildirək ki, əsl adı Maksim Fomin olan Vladlen Tatarskiy 1982-ci ildə Ukraynanın Donbasdakı Makeyevka şəhərində doğulub. Onun götürdüyü Vladlen Tatarskiy ləqəbinin milli mənsubiyyətinə heç bir aidiyyatı yoxdur və bu, sadəcə yazıçı Viktot Pelevinin əsərlərinin birindəki qəhrəmanın adıdır.

Tatarskinin özünün sağlığında dediyinə görə, onun atası “rus vətənpərvəri” olub və onu da “rus vətənpərvəri” kimi böyüdüb. Sonradan cinayətkar, qarətçi, “hərbi bloqer” olan Tatarskiy uşaqlıqda məktəbdə keçirilən “Ukrayna dili” dərslərində tez-tez “dissidentlik” etməsilə də öyünüb.

2011-ci ildə dostları ilə birgə bank qarət etdikləri üçün Donbasda həbs edilərək, uzun müddətə məhkum olunan Tatrskiy 2014-cü ildə Rusiyanın Donbası işğal etməsindən istifadə edərək, həbsaxnadan qaçıb və qanunsuz separatçı-terrorçu hərbi qruplaşmalara qoşulub. Buna görə hətta qondarma “dxr”-in başçısı Aleksandr Zaxarçenko onu “əfv edib”. Bundan sonra separatçılara aid müxtəlif qanunsuz hərbi birləşmələrdə “xidmət etmiş” Tatarskiy 2019-cu ildə Moskvaya köçüb və öz “VKontakte” və “telegram” kanallarını açaraq, Donbasa aid paylaşımlar edib.

Məlum olduğu kimi, istənilən müharibə təkcə cəmiyyətin müsbət mənada potensialını, yüksək dəyərlərə söykənən hisslərini, əsl qəhrəmanlarını deyil, məsələn, Rusiya kimi işğalçılıq müharibəsi aparan cəmiyyətlərdə onun tör-töküntülərini, zir-zibilini də üzə çıxarır və hətta populyarlaşdırır. Elə Tatrskiy də belələrindən olub. Təkcə “telegram” kanalında 600 minə yaxın daimi izləyicisi olan Tatrskiy Rusiyadakı milliyyətçi, şovinist, imperiyaçı kəsimin ən qəddar, prinsipsiz və “parlaq” təbliğatçılarından birinə çevrilib.

Məsələn o, Rusiya ordusu müharibənin ilk günlərindəcə “büdrəməyə” başlayanda demişdi ki, gərək ilk zərbədəcə rus ordusu Ukrayna hərbi kazarmalarına kütləvi zərbə endirərək, 10 minlərlə ukraynalını bir dəfəyə qətlə yetirəydi ki, onların müqaviməti qırılsın. Bu “vətənpərvərliyi” sayəsində Ukraynaya qarşı savaşda təkcə təbliğatçı, “hərbi reportyor” kimi deyl, həm də hərbi dron operatoru kimi iştirak edən Tatarskiy öz auditoriyasına görə heç də Marqarita Simonyan, Mariya Skabeyeva, Vladimir Solovyov kimi individlərdən geri qalmırdı...

Onun məhv edilməsi hadisəsinə gəlincə, artıq bununla bağlı bir neçə versiya irəli sürülüb. Kreml hər nə qədər bunu Ukrayna xüsusi xidmət orqanlarının üzərinə atsa da, Tatrskinin hakimiyyətdaxili çəkişmələrin qurbanı olduğuna dair versiyalar daha çox səslənir. Artıq məlum olduğu kimi, Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak da bu hadisəyə reaksiya bildirib. Çünki Rusiya adətən bu cür hadisələrdən eskalasiyanın artırılması, dinc əhaliyə qarşı terror hücumlarının təşkili, raket zərbələri üçün istifadə edir.

Podolyak Sankt-Peterburqda törədilən bu terror aktının Ukraynaya heç bir aidiyyatının olmadığını bildirərək, qətlin Rusiyadakı hakimiyyətdaxili çəkişmələrə dəlalət etdiyinə işarə vurub.

İlk öncə xüsusi qeyd olunur ki, hadisənin baş verdiyi restoran “Vaqner” başçısı Yevgeni Priqojinə aid olub. Tatarskinin özü isə Rusiya Müdafiə Nazirliyinin tabeçiliyi və kurasiyası altında olsa da, Priqojinə yaxınlığı ilə seçilib, “Vaqner” başçısının təbliğində iştirak edib. Bu isə təbii ki, Priqojinlə düşmən münasibətdə olan nazirlik rəhbərliyinin xoşuna gələ bilməzdi. Priqojin özü də hadisədən dərhal sonrakı açıqlamasında bunu ukraynalıların törətmədiyinə eyham vurub: “Mən bu hadisənin törədilməsində Kiyev rejimini günahlandırmazdım...”

Digər yandan Priqojinin Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovla ədavəti, hətta açıq düşmənçiliyi var. Hadisənin Sankt-Peterburqda törədilməsi və qubernatorun istintaqı şəxsən öz nəzarətinə götürdüyünü elan etməsi də bu işin qarışıq və qaranlıq səbəbləri barədə nəticə çıxarmağa əsas verir. Odur ki, bu işin də Rusiya şovinizminin filosoflarından sayılan Aleksandr Duqinin qızının qətli kimi Ukraynanın üzərinə atılması, gerçək səbəb və sifarişçilərinsə gizlədilməsi ehtimalı kifayət qədər yüksəkdir...

Yeri gəlmişkən, Ukrayna sosial şəbəkələrində Tatarskinin qətlindən sonra “növbə Kots və Peqovdadır” kimi paylaşımlara tez-tez rast gəlinir. Söhbət Tatarskiy ilə “bir bezin qırağı” olan digər “hərbi reportyor” Aleksandr Kots və Azərbaycan oxucusunun 44 günlük Qarabağ savaşından tanıdığı, ermənilərə “tulalıq edən” və Ukraynada ayağının bir hissəsini itirən Semyon Peqovdan gedir...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar