OPEC+ neft ixrac edən ölkələr aprelin 2-də hasilatı gündəlik bir milyon bareldən çox azaldacaqlarını elan etdikdən sonra neftin qiyməti qalxmağa başlayıb.
“AzPolitika.info” xəbər verir ki, bazar ertəsi səhər saatlarında Brent markalı neftin bir barreli 7% artaraq 85 dollara satılıb.
OPEC+ təşkilatına Səudiyyə Ərəbistanı, İraq, Fars körfəzinin bir sıra ölkələri, Qazaxıstan, Əlcəzair və Rusiya daxildir. Onların payına dünya neft hasilatının təxminən 40%-i düşür.
Səudiyyə Ərəbistanı neft bazarını sabit saxlamaq üçün hasilatı gündəlik 500 min barel azaldacağını bildirib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak da bildirib ki, Moskva könüllü olaraq hasilatı mart ayından etibarən sutkada yarım milyon barel azaltmaq qərarını 2023-cü ilin sonuna qədər uzadıb. İraq gündəlik hasilatı 211 min barel, BƏƏ isə 144 min barel azaldacaq.
Hazırkı azalmalar ötən ilin oktyabrında elan edilmiş və ABŞ və digər Qərb ölkələri tərəfindən tənqid edilən gündəlik iki milyon barel hasilatın azaldılmasına əlavədir. Birləşmiş Ştatlar OPEC+ və birliyin liderlərindən olan Səudiyyə Ərəbistanını Ukraynadakı müharibəyə baxmayaraq Rusiyanın maraqlarına sadiq qalmaqda ittiham edib.
Ağ Ev bildirib ki, yeni ixtisarları əsassız hesab edir. Eyni zamanda, ABŞ neft istehsalçılarını enerji qiymətlərini aşağı salmaq və inflyasiya ilə mübarizəyə kömək etmək üçün hasilatı artırmağa, eləcə də Rusiyanın Ukraynadakı müharibəni maliyyələşdirmək üçün daha çox gəlir əldə etməsinə mane olmağa çağırıb.
Fevralın əvvəlində Qərb ölkələri Rusiya neftinin ixracına demək olar ki, tam embarqo qoyub və Rusiya neftinin barrelinə 60 dollar həddi təyin ediblər.
“The Wall Street Journal”ın məlumatına görə, Yaponiya Rusiya neftini bir barel üçün 60 dollardan yuxarı qiymətə alır. Qəzetin yazdığına görə, Tokio ABŞ-dan “Saxalin-2” layihəsindən tədarük üçün razılaşdırılmış qiymət tavanından azadolma alıb. Yaponiya hakimiyyəti bunu Rusiyanın enerji resurslarına çıxışa ehtiyacı olduğunu və “Saxalin-2”nin Yaponiyaya mayeləşdirilmiş təbii qaz tədarükünün əsas mənbəyi olduğunu bildirməklə əsaslandırıb. Ötən ilin iyulunda “Saxalin-2” operatorunun aktivləri Vladimir Putinin fərmanı ilə dövlətə keçib.
Neft bazarındakı dəyişiklikləri “AzPolitika.info”ya şərh edən deputat, iqtisadçı Vüqar Bayramov bildirib ki, Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir. O, xatırladır ki, valyuta daxilolmalarının 80 faizi neft və neft məhsullarının payına düşür.
“Neftin qiymətinin yüksəlməsi enerji ixracatından daha çox gəlir əldə etməyə imkan verir. Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. Son qiymət artımlarına rəğmən, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir”,- iqtisadçı qeyd edib.
Rasim
“AzPolitika.info”


Şərhlər