Menu

Eks-prezident spikeri istefaya çağırdı - Ermənistanda qalmaqal

04.04.2023, 17:06
Eks-prezident spikeri istefaya çağırdı - Ermənistanda qalmaqal

“Hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası Alen Simonyanın Milli Assambleyanın sədri vəzifəsindən istefası ilə bağlı məsələ qaldırmağa borcludur”.

“AzPoltika.info” xəbər verir ki, bu barədə Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan ilur.am saytında dərc olunan məqaləsində yazıb.

“Nə qədər özümü saxlamağa çalışsam da, iki gün əvvəl baş vermiş iyrənc hadisəyə toxunmaya bilmirəm. Gənc oğlan spiker Alen Simonyanı küçədə cangüdənlərin əhatəsində görüb, yüksək səslə onu “satqın” adlandırıb. Simonyan sakitcə cangüdənlərin zəncirini qıraraq gəncə yaxınlaşaraq onun üzünə tüpürdü.Yeri gəlmişkən, hadisədən sonrakı izahatlarında bunu fəxrlə təsdiqlədi.“Tüpürmək” sözüözü vulqar ifadədir. Ən yüksək rütbəli dövlət xadimlərindən birinin ağzından bu söz səslənəndə, xüsusən də konkret hərəkətə çevriləndə, bu artıq dövlətin sonu olur. “Xəyanətkar” sözünə gəlincə, bu, gündəlik söyüş və şəxsi təhqir deyil, sırf siyasi qiymətdir ki, buna qarşı vulqar çıxış və ya tüpürcəklə deyil, düzgün və əsaslı cavab verilməlidir. Xüsusən də məhdudiyyətsiz informasiya və təbliğat vasitələrinə malik olan hakimiyyət nümayəndəsi”, - qeyd edib.

Petrosyan əlavə edir ki, dünyada çox az demokratik dövlətin lideri olub ki, siyasi rəqibləri tərəfindən satqın damğası vurulmasın.

“Təəccüblü görünə bilər, bir vaxtlar hətta ABŞ-ın tanınmış prezidentlərini də belə çağırırdılar: siyasi opponentləri Ruzvelti Şərqi Avropa ölkələrini Sovet İttifaqına verdiyinə görə “satqın”, Trumeni isə Çinin birləşdirilməsinə mane olmadığına görə “xəyanətkar” adlandırırdılar. Klintonada Rusiya ilə "sevgi oyunları"na alüdə olub ölkəsinin hərbi gücünü zəiflətdiyinə görə “satqın” deyirdilər. Amma onların heç biri onları satqın adlandıranların üzünə tüpürmür, şəxsən və ya tərəfdarları vasitəsilə bütün bu kimi ittihamlara əsaslı arqumentlərlə etiraz edirdilər”, - Petrosyan vurğulayıb.

Eks-prezident hesab edir ki, parlament və Paşinyanın “Mülki müqavilə” fraksiyası xalq qarşısında simasını tamamilə itirməmək üçün Alen Simonyanın vəzifədən qovulması məsələsində təşəbbüs göstərməyə borcludur.

“Mən heç də şişirtmirəm, onun əməli dövlətçiliyimizin reputasiyasına vurulan ən böyük ziyandır ki, bunu da ancaq vəzifədən uzaqlaşdırılması bahasına aradan qaldırmaq olar. Bu, xalqımızın beynəlxalq ictimaiyyət qarşısında şərəfini bərpa etməyin yeganə yoludur”, - o əlavə edib.

Ter-Petrosyan bütün KİV-ləri bu barədə yazılar yaymağa, cəmiyyəti, siyasi qüvvələri kütləvi tədbirlər, nümayişlər, yürüşlərlə bu təşəbbüsə qoşulmağa çağırıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol