Bakıda məktəb-liseydə zəhərlənənlərdən 1-nin vəziyyəti ağırdır, prokurorluq araşdırmalara başlayıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır: "İlkin ehtimallara əsasən şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".
***
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.
Qeyd olunub ki, məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir".
Bildirilib ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.
Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.


Şərhlər
Tais firması bilavasite Tehsil Nazirliyine bağlı müessise olduğu üçün bu iş neticesiz qalacaq. Firmanın başında Rafael durur, qeyri qanuni olaraq fealiyyet gösterir, araşdıra bilseler çox şeyşler belli olar!