Menu

“Bundan sonrası sizlərə çox ağır olacaq!” – “Canımızda azacıq ölüm qorxusu vardı...”

10.04.2023, 17:11
“Bundan sonrası sizlərə çox ağır olacaq!” – “Canımızda azacıq ölüm qorxusu vardı...”

Martın 28-də evinin girəcəyində silahlı hücuma məruz qalan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa yaxın günlərdə xəstəxanadan çıxacaq.

“AzPolitika.info” xəbər verir ki, bu barədə millət vəkili özü “Feysbuk” səhifəsində yazıb.

F.Mustafanın qeydlərini təqdim edirik:

“Əziz dostlar! Səhhətimdə xeyli irəliləyiş var, inşallah bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam. Hələ ki, namaza və oruca fiziki imkanlarım yol vermir. İnşallah, ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm.

Bu gün köməkçilərimə tapşırıq verdim ki, hər həftə oluğu kimi, Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar. Artıq gələn həftədən başlayaraq evdən seçicilərin on-line qəbulunu da keçirməyi nəzərdə tuturam. Şəraitə uyğunlaşmaq lazım. Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca, yeni kitabımın üzərində xeyli işlədim. Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya Oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam.

Milli düşmənlərimizə gəldikdə isə, bilsinlər ki, mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında! Bu Vətən, bu Dövlət, bu Millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam!”

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-04-10 22:57:21

Fazil müəllim,tezcə sağalın və yazmaqda davam edin.Mən sizin yazılarınızı həmişə böyük həvəslə oxuyuram.Çünki müstəqil düşüncəsi olan adamlara heyranam.Mənim düşüncəmlə hər hansı birisinin düşüncəsinin üst-üstə düşməsi önəmli deyil,yetər ki filan düşüncə həmin adamın öz şəxsi subyektiv düşüncəsi olsun.Hər cür riyakarlıqdan,yaltaqlıqdan,hiyləgərlikdən uzaq.Bax siz belə təmiz düşüncəsi olanlardansınız.Ona görə oxuyuram sizin yazılarınızı.Və sizin kimi adamların düşüncəsiylə öz düşüncələrim arasında çək-çevir edirəm deyə yaşayıram.Çünki yaşamaq düşünməkdir,başqa heç nə deyil.Başqa cür düşünən yeyib içib kef çəkən Əbu Cəhldir.Məncə yəni.

Türk Turan 2023-04-10 17:45:04

Allah Azzə və Cəllə şəfa versin sizə, Fazil bəy! Yastığınız yüngül olsun. Milli düşmənlər ilə savaşında siz bizə çox lazımsınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol