“Twitter” mikrobloqunun sahibi, ABŞ milyarderi İlon Mask Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedevin “Ukraynanın yox olacağına” dair postunu silməkdən imtina edib.
Medvedev postunda yazmışdı ki, “Ukrayna yox olacaq, çünki o heç kimə lazım deyil...”
“Twitter” istifadəçiləri Maskı Rusiyanın anti-Ukrayna ritorikasına meydan verməkdə və beləliklə də Moskvaya qarşı sanksiyaları pozmaqda ittiham edirlər. Mask bildirib ki, bu məsələdə seçimi adamların özləri etməlidirlər. O, habelə Rusiya hökumət strukturlarının “Twitter” hesablarını məhdudlaşdırmaqdan boyun qaçırır.
Mask onu ittiham edənlərə yazır: "Bütün xəbərlər müəyyən dərəcədə təbliğatdır. Qoy adamlar özləri müstəqil qərar qəbul etsinlər... Putin Ukraynaya göstərdiyim köməyə görə məni hərbi cani adlandırıb. Odur ki, onu mənim heç də ən yaxşı dostum hesab etmək olmaz”.
İlon Mask əlavə edib ki, “Twitter” Rusiyanın hökumət hesablarını nə təbliğ edəcək, nə də məhdudlaşdıracaq: "Senzura ilə, yalnız başqaları bundan istifadə edirlər deyə məşğul olmaq zəif gedişdir”.
Ötən ilin aprel ayında, Rusiyanın Ukraynaya müdaxiləsinin ardınca “Twitter” bəyan etmişdi ki, o azad informasiyaya çıxışı məhdudlaşdıran və ya dövlətlərarası münaqişələrdə iştirak edən dövlətlərin hökumət postlarını reklam və tövsiyə etməyəcək.
Şirkət qeyd edirdi ki, Rusiya hakimiyyətinə bağlılığı olan hesablar məhdudlaşdırılacaq. Maskın “Twitter”i 44 milyard dollara almasından sonra bu siyasət dəyişdirilib.
“AzPolitika.info”


Şərhlər