Menu

“Ukrayna ordusu uğurlu hücum əməliyyatı keçirməyə hazırdır” – “Bu planı yalnız Zelenski və ətrafı bilir...”

12.04.2023, 10:58
“Ukrayna ordusu uğurlu hücum əməliyyatı keçirməyə hazırdır” – “Bu planı yalnız Zelenski və ətrafı bilir...”

Artıq xeyli müddətdir ki, az qala bütün dünyanın diqqət mərkəzi Ukraynanın öz işğal olunmuş ərazilərini azad etmək üçün keçirəcəyi əks-hücuma yönəlib. Onun başlama tarixi və istiqaməti ilə bağlı müxtəlif proqnozlar irəli sürülüb və onların bəzilərinə görə artıq hücum başlamalı idi. Lakin reallıqda hələ ki, cəbhə xəttində hər hansı ciddi dəyişiklik və Ukrayna tərəfinin böyük hərəkətliliyi müşahidə olunmur.

Əvəzində Pentaqonun məxfi sənədlərinin mətbuata sızdırılması əks-hücum əməliyyatı ətrafında gərginliyi və qeyri-müəyyənliyi bir qədər də artırıb. Hətta bir çox nüfuzlu Qərb mətbu orqanları bu sızmadan çıxış edən Ukrayna hərbi-siyasi rəhbərliyinin əməliyyat planını dəyişmək məcburiyyətində qaldığını iddia edirlər.

Bu iddialara cavab verən Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak belə müzakirələrə vaxt ayırmağın əleyhinə olduqlarını söyləyib və deyib ki, diqqət daha çox Ukraynaya edilən hərbi yardıma yönəlməlidir, çünki hər ötən gün cəbhədə və dinc şəhərlərdə ukraynalılar həlak olurlar.

Sızdırıaln məlumatlara gəlincə, Podolyak bunları “normal təhlil” adlandırıb və deyib ki, orada qeyd olunanların əksəriyyəti çoxdan məlum olan faktlardır və onları məxfi hesab etmək doğru deyil. Ən əsası isə, Podolyak deyib ki, bu məlumat sızıntısı Ukrayna hərbi-siyasi rəhbərliyinin əks-hücum planına qətiyyən təsir göstərməyəcək.

Xatırladaq ki, sızdırılan sınədlərdə Ukrayna Ordusunun əks-hücumunun ciddi uğur qazanacağı şübhə altına alınır. Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücum üçün lazım olan miqdarda silah-sursat və çoxsaylı hazırlıqlı şəxsi heyətə malik deyil. Digər yandan Rusiya mümkün əks-hücum istiqamətlərində bir neçə eşelondan ibarət müdafiə istehkamları quraraq, müdafiəyə hazırlaşıb. Bu isə nəticədə əməliyyatın uğurunu sual altına alır və onun böyük itkilərə gətirib çıxaracağına dəlalət edir.

Lakin hər şeyə rəğmən Ukraynanın əks-hücumunun uğurlu olacağına əminliklə bildirənlər də var və onlar heç də sıradan biriləri deyillər. “Ukrayna Silahlı Qüvvələri əks-hücumda uğur qazanmaq üçün bütün imkanlara malikdir. Beynəlxalq tərəfdaşlar ukraynalıların öz torpaqlarını müdafiə etməsi üçün hərbi dəstəyi davam etdiricəklər”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Lloyd Ostin keçirdiyi son mətbuat konfransında deyib.

Ostin deyib ki, müttəfiq dövlətlər böyük sayda ukraynalı hərbi qulluqçuya təlim keçiblər və onlar uğurlu əməliyyatlar keçirmək üçün bütün vasitə və imkanlara malikdirlər. Bununla yanaşı, ABŞ Müdafiə naziri son zamanlar mətbuata sızdırılan məxfi məlumatlara işarə edərək bildirib ki, Ukraynanın əks-hücum planının detallarını yalnız Ukrayna rəhbərliyi bilir və qərarı da onlar verir: “Dövlətin əks-hücum planı var, amma bu barədə yalnız Zelenski və onun ətrafı bilir”.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov da əks-hücum planının detallarını Ukrayna rəhbərliyində uzağı 5 nəfərin bildiyini söyləmişdi və qeyd etmişdi ki, bu planın bir yox, bir neçə variantı var.

Qeyd edək ki, bundan öncə Qərb mətbuatında Pentaqonun məxfi məlumatlarının sızdırılmasından sonra Ukraynanın öz əks-hücum planını dəyişdiyi barədə iddialar irəli sürülüb. Bunun ardınca Baş nazir Denis Şmıqal əks-hücumun yazda deyil, yayda baş tuta biləcəyini bildirib və qeyd edib ki, əhali əməlıiyyatın tezliklə başlaması üçün hökumətə təzyiqlər göstərsə də, onlar Ukrayna Ordusunun əks-hücum üçün 100 faiz hazır olmasını gözləyirlər.

Göründüyü kimi, bir qədər müəmmalı, hətta ziddiyyətli vəziyyət yaranıb. Bir tərəfdən rəsmi səviyyədə əks-hücum planının dəyişmədiyi bildirilir. Digər yandan sızdırılan məlumatlarda hücumun aprel-may ayına təsadüf edəcəyi göstərilsə də, Baş nazir əməliyyatın yayda keçiriləcəyinə eyham vurur və doğrudan da Ukrayna Ordusunun hələ hücum üçün tam hazır olmadığını söyləyir. Bütn bunlar bir daha məxfi məlumatlar adı altında müəyyən sənədlərin mətbuata ötürülməsinin böyük informasiya müharibəsinin tərkib hissəsi olduğunu və qarşı tərəfi çaş-baş salmağa və daimi gərginlik içərisində saxlamağa xidmət etdiyini düşünməyə əsas verir.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol