Menu

“Kreml mesaj verdi ki, gərginlik davam edəcək” – Sülh sazişi Brüsseldə, Vaşinqtonda imzalanarsa...

14.04.2023, 12:40
“Kreml mesaj verdi ki, gərginlik davam edəcək” – Sülh sazişi Brüsseldə, Vaşinqtonda imzalanarsa...

Kreml təmas xəttindəki toqquşmadan dərhal sonra Azərbaycan və Ermənistana Moskvada görüş təklifi edib. Toqquşmadan bir neçə gün əvvəl isə görüşün Vaşinqtonda keçirilməsi təklif edilmişdi. Brüssel də növbədə gözləyir.

Azərbaycan və Ermənistan liderləri arasında görüşün birinci hansı paytaxtda keçirilməsi uğrunda yarış başlayıb. Görüş məkanlarının əhəmiyyəti və fərqi nədədir?

Politoloq Elxan Şahinoğlu bildirir ki, Moskva, Vaşinqton və Brüsselin hər üçü sözdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir.

Onun sözlərinə görə, ancaq Kreml indidən tərəflərə mesaj göndərir ki, sülh sazişi Vaşinqton və ya Brüsseldə imzalanarsa, bu uzunömürlü olmayacaq.

“Bu o deməkdir ki, sülh sazişi Qərbdə imzalanarsa Rusiya buna müxtəlif yollarla mane olacaq, təmas xəttində gərginlik azalmayacaq”, - o əlavə edib.

Bəs sülh sazişi Moskvada imzalanarsa nə baş verəcək, Vaşinqton və Brüsselin reaksiyası necə olacaq?

Bu suala cavabında təhlilçi bildirib ki, ABŞ və Avropa İttifaqının əllərində Rusiya kimi bölgəni qarışdıracaq alətləri yoxdur.

“Bu onlara lazım da deyil. Vaşinqton və Brüsselə Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlıq, o cümlədən Rusiyanın təsirinin azalması lazımdır. Bu olacaqsa, ABŞ və Avropa İttifaqı məmnun qalacaq. Ancaq Kreml Azərbaycanla Ermənistan arasında barışın əldə olunmasını ona görə təmin etmək istəmir ki, bölgə ölkələri ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirsinlər. Bu Kremlin maraqlarına ziddir. Rusiya paytaxtında imzalana biləcək mümkün sülh sazişi bölgədə Rusiyanın təsir imkanlarını artırmağı hədəfləyir”, - E.Şahinoğlu vurğulayıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2023-04-14 13:26:24

Rusiya dönə-dönə göstərir ki,ermənistan adlı dövlət yoxdur.Sadəcə,ermənistan adlı Rusiyanın yaratdılğı bir əyalət qurumu var.Bu qurumun ərazisində baş verən hadisələri isə ermənilərin adından törədən Rusiyadır.Təəssüf,min təəssüf ki Azərbaycan hakimiyyəti bütün çıxışlarında əsil düşmənin-Rusiyanın adını gizlətməklə məşğuldur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol