Eşq olmasaydı, dünya donub qalardı...

Şəmsəddin Mənsuroğlu

(Ramazan ayının düşüncələri)

“İçimizdəki hər yaranın məlhəmi vardır. Ancaq yar yarasının məlhəmi yoxdur. Məzarlarda canımız çürüsə də, çürüməyən tək yaradır, yar yarası.” 

Yunus Emre

İctimai maraq doğuracaq publisistik yazılarla müxtəlif sahələri əhatə etmək həmişə mümkün olmur. Hüquq sahələrinə aid analitik yazılar isə daha çox diqqətimi çəkır. Görünür, ixtisasca hüquqşünas olmağımın rolu burada böyükdür.

Həyatın mənası Yaradanın esqilə təbiətin təcəllası, vücuda gəlməsi Onun hikmət və qüdrət nişanələrindəndir. Gördüyümüz və duyduğumuz hər şey, eşitdiyimiz nə varsa Allahın sevgisindən qaynaqlanıb. ”Ol”- deməklə, hər şey Allahın eşqinə uyğun vəcdə gəlib. Bu mənada Xaliqə olan və Ondan gələn sevgi ilk öncə insanın valideynlərinə, doğmalarına, müəllimlərinə, ətrafına və təbiətə aşılanmaqla təzahür edir.

”Könlün varsa, o səni könül əhlinin səmtinə çəkər”, - deyiblər. İnsana anatomik cəhətlərinə və xarici görünüşünə görə insan deyilərsə onda, Hz.Məhəmmədlə ona həqarət edən Əbu Cəhl bir olardı. Zahirpərəstlər məna əldə etməyə çalışarlar. Çünki məna surətdə olur. Onu anlamamaq şeytanla dostluq etməkdir.

Yaxşılar o dünyaya köç edəndə onlardan yaxşı şeylər qalar, pislərdən isə zülm və lənətlər...

Sufi rəvayətlərin birində deyilir: Ey aşiq! Biləsən, aşiqlərin həyatı ölümdədir, ölümdən həmişə qorxub, vahimələniblər. Könlü, könül vermədən başqa bir surətdə görmək mümkünsüzdür. Canı Canan veribsə, vaxt-vədə yetişəndə onu geri alacağına da şübhən olmasın. Biləndə ki, o hamı üçün var, hamı o şərbəti dadacaq, onda narahatlığa əsas varmı?

Belə oxumuşam ki, tövbənin qiyamət gününə qədər bir qapısı günəş batandan doğuncaya qədər açıq qalır. Amandır, yubanmayaq, o qapıya tələsək, ondan üz çevirməyək.

Dünya bina olandan cənnətin Allah rəhmətində səkkiz qapısı olub. O səkkiz qapıdan biri də tövbə qapısıdır. Tövbə qapısından cənnətə bir qapı açılır. O qapıların açılan və bağlanan vaxtı olsa da, tövbə qapısının bağlanan vaxtı olmur. Bu mənada, tövbəsiz bir ömür yaşamaq, başdan-başa şirin canınla çəkişməkdir. Ölümün isə gecikən vaxtı olmur, qəfil gəlir. Hz. Əzrayıl (ə.s.) həmişə əmrə müntəzirdir.

Sevgisiz ömür gəldi-gedərdi. Ömür bir ağaca bənzəyirsə, onun pöhrələnib, budaqlanan və saralıb-solan vaxtı da var. Yubanmayıb tövbə suyu ilə o ağacı sulasaq, hesab günü hesabatımızı verməkdə əziyyət çəkmərik.

Rumi deyir: “Tövbə əcayib bir atdır, aşağı aləmdən, ta yuxarı aləmə bir anda sıçrayıb çıxa bilir”.

Torpaqdan xəlq olunan ilk nəbi Hz.Adəm bir zaman günah işlətmişdi. Sonra da əllərini uca Tanrının dərgahına açıb Ondan əfv dilədi və əfv də olundu. Çünki Haqqın qapısı Rəhmət və Kərəmlə dop-doludur...

Nəfsin sənə şəkər verirsə, sən onu zəhər bil, lütf edərsə, onu qəhər bil. Nəfs cəhənnəmdir, cəhənnəm! Onun atəşi o qədər yüksəkdir ki, dənizlərlə də söndürülməsi mümkün deyil. Nəfsin mədəsi olmur ki, nə qədər “yesə də,” iştahası dayanmaz, “yenə varmı və ya daha yoxmu?”, - deyib hayqırar. Nəfsimiz də cəhənnəmin bir qapısıdır. Yayını çəkə bilməsək, onun yedəyində gedərik...

Vücudumuzda nəfsi öldürə və ya onu həbs edə bilsək, Rəbbimiz günəşi və Ayı da, hətta buludları da, əmrimizə tabe edə bilər. Amma günahlara batdıqca, batırıq. Bu müqəddəs Ramazan ayının xətrinə Allah bizləri əfv etsin!

Qorxu Haqqın sifəti və ismi sayılmaz,-deyiblər. Sevgi və məhəbbət isə Allahın Kərəmidir. Quranı Kərimdə “onlar Allahı sevərlər”, sözündən sonra “Allah da onları sevər,”- sözü gəlir. Necə də müdrik bir İlahi kəlam!

Allahın yaratdığı “canlı sənət əsərlərini” görməsəydik, nə göy üzü ağlar (yağmur olmazdı), nə də yer üzü gülər (günəş şəfəq saçıb təbiət gül- çiçəyə bürünməzdi) və bu əsrarəngli aləmin şahidi olmazdıq.

“Aslanın ovuna çıxmaq hər kişinin işi deyil”,-söyləmiş sufilər. Nəfsimiz də yeddibaşlı aslana bənzər. Amma ona qalib çıxmaq istəyənə, onunla savaşana Tanrı yardım edər.

Yazırlar ki, Adəm Peyğəmbər nəfsə sarı bir addım atan kimi cənnətin baş köşkündən ayrılıb başqa aləmə endi. Mələklər şeytandan qaçan kimi, Adəmdən uzaqlaşmağa başladılar. Bir buğda dənəsinə görə nə qədər yalvarışlar oldu, göz yaşı töküldü... Zamanında Uca Rəbbimiz ilk bəndəsi-peyğəmbəri yaradanda torpaq şahə qalxıb haray qoparmışdı: ”Pəbbim! Yer üzündə fitnə -fəsad törədəcək bir kimsəni, məni al qana boyadacaq bir məxluqu yaratma!” - demişdi...

Züleyxa Hz.Yusifin eşqindən sızlayıb ağladıqca, mələklər də bu sevgi ağrısından onu azad etmək üçün Allahı həmd-səna ilə andılar. Misir səhrasında Züleyxa eşqinin gül-çiçək açmasına yağmur istədilər ki, bu sevgini bir kimsə qınamasın...

Züleyxa ağladıqca, ağladı... Rəvayət edirlər ki, bu sevgidən göydəki buludlar da, sevgi yağışı tökdü, ilahi bir hikmət qarşısında hamı duruxmuşdu... “Ah Züleyxa, Züleyxa” deyib, özlərinə zülm etdilər!

Rəbbimiz belə buyurub: “Aləmi yaratmaqda məqsədim bəndlərimə sevgi ehsan etməkdir. Yaratdım ki, Məndən bir fayda olsun, sevgimi anlasınlar, görsünlər! Barmaqlarını ehsan etdiyim bala-şanıya batıranda nemətimin dadına və qüdrətimin nişanələrinə şübhələri qalmasın...”

Zənginliyi dəfinədən, xəzinədən, maldan-mülkdən deyil, Allahdan diləyək, yardımı da heç kimdən yox, ancaq Ondan istəyək, - deyir Cəlaləddin Rumi.

Yoxsulluqdan çox qorxur, xiffət edirik. Amma onu yaradandan qorxsaydıq Rəbbimizin yer üzündə bizə bəxş etdiyi dəfinələri də aşkar görərdik. Deyirlər ki, Allahın ucalığı yoxsulluğundadır. Yoxsulluq Ona xas comərdliyin İlahi aynasıdır.

Peyğəmbərimizin Meracda, ən uca üfüqdə -Sidrətül Müntəhada olmasının əsas məqsədi dostunu görməkiydi. Dost bu fürsətdə Ərşı Əlanı da, mələkləri də gördü... Müzakirə olunmaz Möcüzə! Yerə, göyə, hətta ərşə sığmayan Rəbbimiz, amma hikmətə baxın ki, ona inanan bəndəsinin kiçik qəlbinə sığa bildi!

Rumi deyir ki, eşq vəfakar olduğu üçün, vəfakarı da satın alır, vəfasıza baxmaz. Eşq nazla əda ilə əldə edilir. Eşq çox qanadlı mələklər ordusunun gücü qədər güclüdür. O dənizi bir göz qırpımında qaynada, dağı qum dənəciyinə döndərə, göy üzünü kitab kimi qatlaya, yer üzünü titrədə bilir...

Rəbb kəlamlarında deyildiyi kimi, “Təmiz eşq Məhəmmədlə (s.ə.s) də getdi”... Allah eşq üzündən Rəsuluna - “Sən olmasaydın...”- demişdi. Ən gözəl və saf eşq Allaha olan eşqdir. Ona olan eşq könül iniltisindən bəlli olur. O iniltidən xoş bir “ dərd” yoxdur. Xoş belələrinin halına...

Comərdlik insana xas olduğu kimi,can vermək də aşiqin “vergisidir, can vergisi.” Aşiqlərin ağzından eşq qoxusu , müşkü ənbər ətrinin iyi gələr,- deyirlər. Xoş belələrinin də halına.

Allahdan başqasına aşiq olmaq keçici bir həvəsdir və müvəqqətidir. Ata və anaya, övlada... olan sevgi Ondan gəlməlidir ki, müqəddəsləşsin!

Vətəni sevmək isə imandandır. İmansızların isə vətəni və sevgisi olmur ki!

Vətəni sevərək, canını da vətən uğrunda fəda edən şəhid balalarımızın ruhu da şad olsun!

Peyğəmbərimiz (s.ə.s) buyurub: “Bir- birinizi sevmədikcə, iman etmiş olmazsınız. Məni hər şeydən ziyadə sevməsəniz, imanınız kamala yetməz,kamil olmaz.”

Züleyxa Yusifə “Nə qədər gözəl gözlərin var”- demişdi. Hz. Yusif ona “Bu gözlər məhşərdə Aləmlərin Rəbbinə baxıb tamaşa edəcək,”- demişdi.

Rumi deyib ki, Aşiq ilə şair-ozan eyni deyildir. Ozan xalqdan aldığını xalqa çatdırır, bir az da zənnə qapılır, olmayan şeyi vəsf edir. Aşiq isə Haqqdan aldığını xalqa çatdırır. Nə gözəl! Sonrası da var: Məhşərdə namazla və oruc tərəziyə qoyular. Fəqət,eşq tərəziyə gətirilən zaman o mizana sığmaz! Allah, Allah! İnsanın Allaha və bəndəsinə olan sevgisi çəkisinə görə namazla orucdan ağır gəlirmiş,ölçüyə və tərəziyə sığmazmış. Bu dəm, Oruc və namaz abrına qısılıb kənara çəkilər,yolu sevgiyə boşaldar. Hikmətinə Şükür, Ya Rəbbim! İndi də Füzulu eşqinin isbatına diqqət edək:

Aşiq odur ki, qılar canın fəda cananına

Meyli canan etməsin hər kim ki, qıymaz canına.

Canını, canana verməkdir kəmali aşiqin

Vermədən can, etiraf etmək gərək nöqsanına...

Füzuli Həzrətlərinin bu etirafı üstündə bir söz söyləmək qəbahət olardı.

“Güzgünün nəfsi və həsədi olsaydı tamahkarlar təki münafik olar, hər şeyi olduğu kimi göstərməzdi”.

Tərəzinin də çəkdiyi mala əsla tamahı olmaz, olsaydı xoşladıqlarını çəkiyə salmazdı. Sonda ”Eşq-sevib aşiq olmaq və sevilib məşuq olmaqdı,” - deyib Yunus Emrə!

Ruhu şad olsun!

635x100

Şərhlər

ƏNHU 2023-04-14 21:43:33

İlahi məxfiliklə qriflənən dörd sirr vardır ki, açmasına heç kim cəsarət etməsin. Cəsarət edən əbəs yerə ömrünü zay edəcək. 1.Həyatın sirri 2.Ölümün sirri 3.Gözəlliyin sirri 4.Məhəbbətin sirri (burada EŞQin sirri)

Son yazılar