Son günlər Rusiyanın Kremlə yaxın KİV-lərində Ukraynanın şərqindəki Baxmut şəhərinin tam mühasirəyə alındığı, şəhərdəki Ukrayna birliklərinin bloklandığı barədə məlumatlar yayılır. Qeyd olunur ki, şəhərə gələn yollar tam nəzarətə götürülüb və Ukrayna döyüşçülərinin silah və ərzaq təminatı kəsilib.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Şərq qruplaşmasının sözçüsü Sergey Çerevatıy Ukrayna mətbuatına açıqlamasında Baxmutun mühasirəyə alınması barədə məlumatları təkzib edib: “Bir ay əvvəl də onlar eyni şeyi bəyan etmişdilər. Həıqiqət isə belədir: ağır, o cümlədən küçə döyüşləri gedir. Əsas məqsəd düşməni tükəndirməkdir. Bu, düşmənin hücum potensialını sıradan çıxarmaq və ölkənin hərbi-siyasi rəhbərliyinin bizim qoşunların əks-hücumunu hazırlaması üçün vaxt qazanmaqdır”.
Çerevatıy deyib ki, artıq “Vaqner” dəstələri Baxmutda tükəniblər və Ukrayna ordusuna qarşı effektiv döyüşmək qabiliyyətini itiriblər. Bu səbəbdən Rusiya rəhbərliyi şəhərə orduya aid əlavə peşəkar desant qüvvələri gətirməyə məcbur olub: “”Vaqner” şəxsi heyəti dəyişə bilməyəcək və bu terror təşkilatının şərəfsizlik tarixi Baxmutda bitəcək”.
Xatırladaq ki, Rusiya ordusu və “Vaqner” dəstələri 9-cu aydır ki, Baxmutu ələ keçirmək üçün hücumlar təşkil edir, ancaq Ukrayna bölmələri hələ də şəhəri tərk etməyiblər və qəhrəmanlıqla müdafiə olunurlar.
“AzPolitika.info”


Şərhlər