“İŞİD-in döyüşçülərinin sayı 200 min nəfərə qədərdir”. Bu barədə İngiltərənin “İndependent” qəzetinə Şimali İraq kürd administrasiyasının rəhbəri Fuad Hüseyn açıqlama verib. O bildirib ki, bir qədər əvvəl ABŞ kəşfiyyatının İŞİD döyüşçülərinin sayının 20-31 min nəfər arasında olması ilə bağlı hesabatı həqiqəti əks etdirmir.
Kürd yetkilisi bildirib ki, hazırda İŞİD-in üzvlərinin sayı təxmin edildiyindən xeyli çoxdur. F.Hüseyn bildirib ki, hazırda İŞİD İraq və Suriyanın ümumi ərazisinin üçdə birinə nəzarət edir. İŞİD-in hakimiyyəti altında olan ərazilərdə təxminən 12 milyona yaxın insan yaşayır. Kürd yetkilisi deyib ki, bu qədər böyük ərazidə və böyük sayda əhaliyə nəzarət edən İŞİD-in öz sıralarına minlərlə insan cəlb etməsi çox realdır. Xüsusən də İŞİD həm tutduğu ərazilərdə, həm də dünya ölkələrində özünə yeni üzvlər cəlb etmək üçün böyük kampaniya aparır. Belə bir şəraitdə bu qədər böyük bir ərazidə və əhalinin içərisindən İŞİD-də çoxlu sayda muzdlunun qoşulması xeyli dərəcədə realdır.
Qeyd edək ki, ekspertlərə görə, İŞİD hazırda İraq və Suriyada təxminən 270 min kv.km əraziyə nəzarət edir. Eyni zamanda bu ərazinin böyük qismində savaşlar gedir və İŞİD bir neçə cəbhədə irimiqyaslı döyüşlər aparır. Bu savaşları aparmaq üçünsə İŞİD-ə çoxlu sayda döyüşçü gərək idi. Bu baxımdan ekspertlər hesab edir ki, qruplaşmanın üzvlərinin sayının təxmin edildiyindən çox olması tamamilə gözləniləndir.


Şərhlər