Türkiyənin ilk müşahidə peyki olan və TÜBİTAK UZAY mütəxəssisləri tərəfindən hazırlanmış İMECE ABŞ-nin Kaliforniyadakı Vandenberq bazasından orbitə buraxılıb.

Peykin uğurla orbitə buraxılmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti paylaşılıb.

“Ölkəmizin ilk yüksəkdəqiqlikli peykini - Türkiyənin 100 illiyinin müjdəçisi olaraq qürurla kosmosa göndərdik”, - deyə o bildirib.

O, “kosmik iqtisadiyyat”ın miqyasına diqqət çəkib: “Türkiyə son 20 ildə genişmiqyaslı texnoloji təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş dövlət siyasətinin bəhrəsini görür. 2009-cu ildə 245 milyard dollardan söhbət gedirdisə, 2021-ci ildə bu rəqəm 469 milyard dollara çatıb. Özü də bu rəqəm günü-gündən artır. Biz həm də Türkiyənin Milli Kosmos proqramının icrası fonunda qarşıya qoyulan vəzifələrin üst həddini daim qaldırırıq”.

Ərdoğan 3 il əvvəl Türkiyə Kosmik Agentliyinin yaradıldığını və onun planlarına Aya kosmik aparatın buraxılması, eləcə də ölkə vətəndaşının Beynəlxalq Kosmik Stansiyaya göndərilməsinin daxil olduğunu xatırladıb.

Siyasətçi texnoloji sahədə irəliləyişin Türkiyəni dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirəcəyinə əminliyini ifadə edib.

Ərdoğan Türkiyə istehsalı olan yeni peykin xüsusiyyətlərini yüksək qiymətləndirərək qeyd edib ki, yüksək təsvir ayırdetmə qabiliyyəti (1 metrə qədər), siqnal ötürmə sürəti və manevr qabiliyyəti İMECE-ni Türkiyənin ən müasir peyki edir. “IMECE-nin yaradılması ilə bağlı bütün proses Türkiyədə həyata keçirilib - bu, alt sistemlərə, eləcə də quraşdırma və sınaqlara aiddir. Yeni zondlama peykinin imkanları genişdir: müdafiədən tutmuş fəlakətin qarşısının alınmasına, kənd təsərrüfatından meşə təsərrüfatına və şəhərsalmaya qədər”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan xatırladıb ki, Yer orbitinə buraxılan səkkiz Türkiyə telekommunikasiya peykindən üçü artıq öz missiyasını başa vurub: “Qalan beşi isə ölkənin xeyrinə işləməyə davam edir. İMECE peyki də ölkəmiz üçün daha bir qürur mənbəyidir, Türkiyənin 100 illik yubileyinə həsr olunmuş nailiyyətlərin xəbərçisidir”.

Qeyd edək ki, dünyanın istənilən yerindən yüksək keyfiyyətli təsvir (bir metrə qədər ayırdetmə qabiliyyəti ilə) əldə etməyə imkan verəcək 680 kq-lıq peykin xidmət müddəti beş ildir.

İlk zond peykinin hədəflərin müəyyən edilməsi və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasından tutmuş, kənd təsərrüfatı sektorunun inkişafına töhfə verməyə qədər imkan diapazonu genişdir.

“SpaceX”in daşıyıcı aparatı İMECE ilə yanaşı, daha üç türk peykini - KILIÇSAT, PLAN-S və CONNECTA T2.1-i orbitə çıxarır.