Rusiyada ilk səfərbərlik dalğasından yeddi aydan çox keçir və artıq ikinci dalğayla bağlı spekulyasiya artır. Ukraynadakı müharibəyə getmək istəməyən rusiyalılar yeni əngəllərlə üzləşə bilərlər.
Artıq Prezident Vladimir Putinin imzaladığı yeni qanun səlahiyyətli orqanlara çağırışçılara və ehtiyatda olanlara elektron vərəqə göndərmək imkanı verir.
Kreml sentyabrda 300 min nəfərin Ukrayna müharibəsinə səfərbər olunması elanını verəndən ölkədən hərbi yaşda olan rusiyalı kişilər və ailələrin axını güclənib. Yüzminlərlə rusiyalı qonşu ölkələrə, digər yerlərə üz tutdu. Ancaq yeni qaydalar onların xaricə gedən yolunu çətinləşdirə bilər. Üstəlik, bir çox ölkələrdə viza dəyişiklikləri rusiyalıların xaricdə daha uzun müddətə qalmasını da əngəlləyəcək. “Ümumi tövsiyə budur ki, mümkün qədər tez çıxın”, – “Birinci şöbə” insan haqları qrupunun başçısı İvan Pavlov “Current Time”a deyib. Onun sözlərinə görə, yeni qanun hərbi dairələrə Ukraynanın yeni hücuma hazırlaşması ərəfəsində sıralarını sürətlə doldurmağa mexanizm təqdim edə bilər.
Aprelin 14-də imzalanmış qanuna görə, yerli hərbi komissarlıqlar çağırışları elektron qaydada göndərəcəklər və artıq “Qosusluqi” elektron xidmətlər portalına salınan kimi qüvvəyə minmiş sayılacaq. Qanunla hərbi xidmətə yararlı bütün şəxslərin elektron reyestri, eləcə də hərbi xidmətə çağrılanların açıq siyahısı yaradılacaq.
Artıq sentyabrdakı kimi, xaricə qaçmaq da asan proses deyil. Axı, Rusiya vətəndaşlarını qəbul edən ölkələrin siyahısı daralır. Türkiyə, Qazaxıstan, Argentina kimi ölkələr qanunlarını dəyişib, rusiyalıların vizasız qala biləcəyi müddəti qısaldıb. Avropa İttifaqının Rusiyaya yaxın üzvləri ilə bu ölkənin vətəndaşlarına viza verilməsini məhdudlaşdırıb. İndilik, yeni qanunun praktikada necə işləyəcəyini zaman göstərəcək. Rusiya rəsmiləri yeni səfərbərlik dalğasının gözlənilmədiyini, elektron çağırış databazasının sentyabradək hazır olmayacağını bildirirlər.
Ancaq qanunun sürətlə qüvvəyə minməsi Kremlin yeni səfərbərlik dalğası planı sarıdan qorxuları gücləndirib. Bütün bunlar Moskvanın Ukraynada döyüşdə böyük itkilərlə üzləşdiyi vaxta təsadüf edir.
Yeni qanuna görə, çağırış vərəqəsi alandan sonra xidmətə getməyənlərin Rusiyadan çıxışı qadağan olunacaq, sürücülük lisenziyaları dayandırılacaq, mənzillərini, digər aktivlərini satmaqdan məhrum ediləcəklər. Fəallar və hüquq ekspertlərinin sözlərinə görə, rusiyalı sərhədçilər onlayn reyestrdən istifadə edərək hərbi xidmətdən yayınmağa çalışanların səyahətə çıxmasını məhdudlaşdıra bilərlər.
“AzPolitika.info”


Şərhlər