Menu

Türkiyə bu sahədə dünya rekrodu vurmağa hazırlaşır – “Cəmi 32 aya təbii qaz hasilatı başlayır”

17.04.2023, 18:53
Türkiyə bu sahədə dünya rekrodu vurmağa hazırlaşır – “Cəmi 32 aya təbii qaz hasilatı başlayır”

“Türkiyə Qara dəniz qazının Avropa bazarlarına çıxması üçün mövcud iqtisadi şəraitdə yaxşı potensial görür”.

“AzPolitika.info” “Caspian Barrel”ə istinadla xəbər verir ki, bunu Türk Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətinin idarə heyətinin sədri və baş icraçı direktoru Melih Han Bilgin bəyan edib.

2020-ci ildə Qara dənizin Türkiyə hissəsində qaz yatağı aşkar edilib və onun həcmi 540 milyard kubmetr qiymətləndirilir.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Sakarya” adlandırılan yatağı ölkənin ən böyük qaz xəzinəsi adlandırıb. O, Qara dənizdə həmçinin həcmi 58 milyard kubmetr olan daha bir yatağın kəşf edildiyini və ümumi qaz ehtiyatlarının 710 milyard kubmetrə çatdığını açıqlayıb.

Parlamentdə çıxış edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Qara dəniz şelfində hasil edəcəyi qaz Ramazan bayramının başlanğıcı zamanı – aprelin 20-də milli paylama sisteminə axmağa başlayacaq.

“Sahədə hasil edilən qazın bir hissəsi ixrac ediləcək”, - deyən TPAO rəhbəri Bilgin onu da əlavə edib ki, Türkiyə qazında Avropa bazarı üçün yaxşı potensial görür.

“Mövcud bazar şərtlərində, düşünürəm ki, biz müştərilər tapmaqda çətinlik çəkməyəcəyik”, - TPAO rəhbəri “The Financial Times” qəzetinə açıqlamasında bəyan edib.

Onun sözlərinə görə, “Sakarya” yatağında hasil ediləcək qaz layihəsinin birinci mərhələsinə 1,8 milyard dollar xərcləyən şirkət yaxın illərdə hasilatı artırmağı planlaşdırır.

Bilgin, Qara dəniz qaz emalı zavodunun tam gücü ilə işlədiyi zaman hasilatın gündəlik olaraq 40 milyon kubmetrə çatacağına ümid etdiyini bildirib.

“Sakarya” strukturu üzrə kəşfiyyat işləri 2017-ci ildə başlayıb. 21 avqust 2020-ci ildə “Fatih” gəmisindən aparılan qazma əməliyyatları nəticəsində sahildən 155 km məsafədə qaz yatağı açılıb.

13 iyun 2022-ci ildə yataqdan sahilə doğru sualtı kəmərin tikintisi başlayıb və həmin ilin sonunda tam istifadəyə verilib. Hasilatın ilk ilində 3,5-4 milyard kubmetr qazın alınması planlaşdırılır, sonradan hasilatın mərhələli şəkildə artırılması ilə illik hasilatın 14,5-15 mlrd. kubmetrədək çatdırılması proqnoz edilir.

Neft-qaz sektoru üzrə mütəxəssis İlham Şaban bildirir ki, Türkiyə özü üçün yeni bir sahədə dünya rekordu vurmağa hazırlaşır: “Yatağın açılmasından onun istismara verilməsinə 32 aya nail olur. Ramazan bayramı öncəsi ilk yerli istehsal qazı Türkiyə paylama sisteminə təhvil veriləcək”.

Ekspert vurğulayır ki, indiyə qədər dəniz yataqlarının işlənməsində belə bir sürət olmayıb.

“Sahildən 155 km aralıda və dənizin 2100 metrdən çox dərinliyindən təbii qazın hasili...”,- o əlavə edib

İ.Şaban yatağın işlənməsinə cəlb edilmiş qazma və xidmət gəmilərin adlarına diqqət çəkib: “Fatih”, “Kanuni”, “Yavuz”, “Abdulhamid Han”, Korkut... Osmanlının FATEH tarixini indi Qara dənizdəki əməliyyatlarla davam etdirirlər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol