“Bizim hələ vaxtımız var. Bizdə hər şey qrafik üzrə gedir. Gəlin baxaq, yaxın zamanda hadisələr necə cərəyan edəcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının başçısı general Kirill Budanov “NV” nəşrinə müsahibəsində bildirib.
Xatırladaq ki, Budanov əvvəlki müsahibələrində artıq yaz aylarında Ukraynanın Krıma daxil olacağını proqnozlaşdırmışdı. Müsahibəsində bununla bağlı suala cavab verən Budanov deyib ki, vəd etdiyi vaxtın bitməsinə hələ müəyyən müddət qalıb və proqnozunun doğrulacağına əmindir.
Ukrayna tərəfində əks-hücumla bağlı işlərin plan üzrə getdiyini deyən Budanov, bu əməliyyatın başlanması tarixi və istiqamətilə bağlı sualı cavabsız qoyub və deyib ki, bunu açıqlamaq doğru olmazdı.
Bununla yanaşı, general gözlənilən əks-hücumun sürətli və effektli olacağına əminliyini bildirib: “Qısa desəm, bu, sürətli və təəccüblü olacaq...”
Budanov Rusiyanın qış hücumu ilə bağlı özünün əvvəlki proqnozunu xatırladıb və qeyd edib ki, doğrudan da bu hücum uğursuzluğa düçar oldu: “İşğalçıların məqsədi Donetsk və Luqanskın sərhədlərinə çıxmaq idi. Ancaq bu cəhdlər növbəti dəfə məğlubiyyətə uğradı. Hazırkı an üçün Rusiyanın strateji hücum əməliyyatı keçirmək üçün potensialı yoxdur. Yaxın müddətdə də olmayacaq”.
Budanov müsahibəsində qeyd edib ki, Rusiya hücum əvəzinə strateji müdafiəyə çəkilib və məqsəd işğal olunmuş əraziləri əldə saxlamaq, Ukraynanın əks-hücumunun qarşısını almaqdır.
Generalın bildirdiyinə görə, Rusiya yalnız Baxmutun ələ keçirilməsi və Avdeyevkanın mühasirəyə alınması istiqamətində hansısa hücum əməliyyatları keçirməkdə davam edir. Qalan istiqamətlərdə isə müdafiə olunmaq məcburiyyətindədir.
Budanov qeyd edib ki, artıq Ukrayna PUA-ları Moskvaya və ondan da daha uzaqlara qədər gedib çıxa bilirlər. İşğal olunmuş ərazilər, eləcə də Rusiya ərazilərinin dərinliklərində baş verən partlayış və yanğınlara da işarə vuran Budanov bunun “səbəbsiz olmadığını” qeyd edib.
Ukrayna hərbçilərinə və mülki əhaliyə qarşı törədilən hərbi cinayətlərə gəlincə, Budanov bu yaxınlarda bir ukraynalı döyüşçünün rusiyalı işğalçılar tərəfindən başının kəsilməsi videosunu xatırladıb. General qeyd edib ki, həmin cinayətkarların kimliyini artıq müəyyən ediblər. O xatırladıb ki, indiyə qədər buna bənzər qətlləri törədən rusiyalıların böyük əksəriyyəti artıq həyatda yoxdur və bu işdə Ukrayna kəşfiyyatının “xidməti” olub. Budanov deyib ki,bu cinayəti törədənlər də mütləq layiqli cəzalarını alacaqlar.
Ukraynalı general Pentaqonun mətbuata sızdırılan məxfi sənədlərinə də toxunub. O, deyib ki, bu hadisə Rusiyanın marağında olan informasiya əməliyyatı idi. Lakin generalın fikrincə, həmin əməliyyat gözlənilən nəticəni vermədi və bu, Ukraynanın əks-hücum planlarına qətiyyən təsir etməyəcək.
“AzPolitika.info”

Şərhlər