Hər kəsə bəlli olan bir mətləb var: Allah-təala yaratdığı bütün canlılar sırasında yalnız insanı özünə yaxın bir xilqət kimi formalaşdırıb. Ona şüur və insaniyyət duyğusu bəxş edib ki, mənsub olduğu xalq üçün, yaxın ətrafı üçün yararlı, gərəkli olsun. Bu vəzifənin mahiyyətini dərk edən və əməli fəaliyyəti ilə hayata keçirən hər bir insan Allahın etimadını doğrultmuş olur.
Belə insanlardan biri də 1928-ci ildə Şəkinin Baş Göynük kəndində dünyaya göz açmış və bütün həyatı boyu insaniyyət əhdinə vəfadarlıq etmiş Ənvər İslam oğlu Məmmədov idi.
XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin 30-cu illərinədək Azərbaycanın bu qədim yurd yerindən öncə çarizmin müstəmləkə üsul-idarəsinə, daha sonra isə sovet-kommunist rejiminə qarşı üsyanlar püskürüb. Bu yurddan mütəmadi olaraq yüksələn etiraz hərəkatları göytürklərdən, oğuzlardan qan yaddaşı vasitəsilə gələn azadlıq ruhu ilə bağlı idi.
Ənvər İslam oğlu Məmmədov Şəkinin Tibb Texnikumunun feldşer fakültəsinə daxil olarkən həyatının ən mühüm seçimini etdi və ömürlük bu sahəyə bağlandı. Ənvər İslam oğlu uzun müddət Baş Göynük kənd xəstəxanasında baş həkim kimi və ömrünün axırına kimi isə Şəki Təcili Yardım Stansiyasında feldşer kimi xidmət göstəribr. O, bütün həyatını xəstələrin ağrı-acılarına, sağalıb ayağa qalxarkən sevinclərinə şərik ola-ola, onlara dözüm, iradi keyfiyyətlər aşılaya-aşılaya, çöhrələrindəki ifadələri duyub, öyrənib ürəyindən keçirə-keçirə yaşadı.
Ənvər İslam oğlunun xəstələrə təlqin etdiyi ibrətamiz fikirlər çox olub. Onlardan biri yaddaşlara iz saldığından hələ də xatırlanmaqdadır. Bu loğman müdrikliyinə malik insan xəstəyə aşılayardı ki,xəstəliyə qarşı dayana bilmək, onu dəf etmək üçün biz birləşməli və birlikdə ona üstün gəlməliyik. Yox,əgər sən xəstəliyə boyun əyib təslim olsan,o zaman onunla birləşib bu mübarizədə məni tək-tənha qoyacaqsan.
Ənvər İslam oğlu çox ciddi, hətta zəhmli insan idi. Lakin az adam bilirdi ki, bu görünüş altında kövrək qəlbli, həssas ürək sahibi gizlənir. Belə bir misal var ki, istedadlı insan hər bir sahədə istedadlı olur. Ə.Məmmədov tibb işçisi kimi savadlı şəxs idi, amma onun yaradıcı insan kimi də çoxlarına bəlli olmayan bir sıra istedadı var idi. O, peşəkar idmançı, peşəkar xarrat ustası olmaqla yanaşı, aktyorluq fəaliyyəti də var idi. Yəqin ki, “Arxadan vurulan zərbə” filminin rejissoru bu geniş ürəkli insanın öz peşəsinə qeyri-adi vurğunluğunu, bağlılığını duyduğundan həmin filmdəki həkim obrazını yaratmağı ona etibar edib.
Ənvər İslam oğlunun əlinin məhsulu olan xarratlıq məmulatları hətta peşəkar xarratları belə, təəccübləndirirdi. Onun ömür kitabında əksini tapan sadaladığım və sadalamadığım epizodlar bu insanın hərtərəfli qabiliyyət və istedad sahibi olduğunu təsdiq edir.
Ənvər İslam oğlu böyük bir ailənin məsuliyyət yükünü daşıyıb. Məişət çətinliklərini qarşılamaqda səbri sonsuz idi. Məhz bu səbrin, dözümün sayəsində 8övladını dövlətimizə və xalqımıza yararlı bir övlad kimi böyüdüb, boya-başa çatdırıb, təhsil verib, ev-eşik, ailə sahibi olmalarını təmin edib. Bu baxımdan mən onu öz yuvasını çör-çöplə quran dağ qartalına bənzədirəm.
Sağlam ailə sağlam cəmiyyət deməkdir.
Dövlətin əsasını sağlam ailələr təşkil edir.
Hal-hazırda Ənvər İslam oğlunun nəvəsi Sevinc İsmayılova babasının yolunu davam etdirir və Şəki Rayon Mərkəzi Xəstəxanasında həkim kimi fəaliyyət göstərir.
Belə bir dəyərli insan haqqında fikirlərimi qələmə aldığım üçün özümdə təsəlli tapdım. Dövlətini, xalqını sevən insanlar heç vaxt unudulmamalıdır!
Ənvər İslam oğluna Allah rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun!
Cənnətdəki 95 yaşı mübarək olsun!
İsmayıl Mustafaoğlu


Şərhlər