Menu

Azərbaycan vəkilləri Hindistanda – Memorandum imzalandı (FOTOLAR)

19.04.2023, 17:35
Azərbaycan vəkilləri Hindistanda – Memorandum imzalandı (FOTOLAR)

Aprelin 14-17-si tarixlərində Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Hindistan Vəkillər Kollegiyasının dəvəti ilə Hindistan Respublikasında səfərdə olub. Qurumdan “AzPolitika.info”ya verilən məlumata görə, qonaqlar üçün əvvəlcə Hindistan Vəkillər Kollegiyasının Prezidenti Prashant Kumarın paytaxt Nyu Dehlidə yerləşən iqamətgahında ziyafət təşkil olunub.

“Növbəti gün “2023-cü il Nyu Dehli - Qanunun aliliyinə dair Beynəlxalq Konvensiya”ya həsr olunmuş konfrans keçirilib. Konfransda Beynəlxalq Vəkillər Kollegiyasının (IBA) baş katibi, Beynəlxalq Vəkillər Assosiasiyasının (UIA) vitse-prezidenti, dünyanın müxtəlif ölkələrindən vəkillər kollegiyaları və hüquq cəmiyyətlərinin rəhbərləri, habelə dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər”, - məlumatda qeyd olunur.

Bildirilir ki, tədbir çərçivəsində Azərbaycan və Hindistan vəkillər kollegiyaları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu sənəddə xüsusilə Hindistanda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan hindistanlıların hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə təşəbbüslərə dair müddəalar təsbit olunub. Məluamtda qeyd olunur ki, Hindistan Vəkillər Kollegiyası tərəfindən tədbir iştirakçılarının Aqra şəhərində yerləşən, 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində “Dünyanın yeddi yeni möcüzəsi” siyahısına salınan Tac-Mahal abidəsinə səfəri təşkil olunub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol