Ermənistanın Baş naziri Nikol Paşinyanla onu tənqid edən keçmiş xarici işlər naziri Vardan Oskanyan arasında qiyabi polemika davam edir.
Paşinyan deyir ki, Minsk Qrupunun vaxtilə hazırladığı “Madrid planı” Qarabağın Azərbaycan ərazisində qalacağını ehtiva edirdi, danışıqlarda iştirak edən Oskanyan isə əksinə həmin planın Qarabağdakı ermənilərin “müstəqilliyinə” şərait yaradacağını iddia edib.
Oskanyanın sözlərinə onu da əlavə edib ki, həmsədrlərin “Madrid planına” görə Şuşa və Laçın dəhlizi ermənilərin nəzarətində qalacaq və keçirilməsi planlaşdırılan referendum bölgənin “müstəqilliyini” təmin edəcəkdi.
Politoloq Elxan Şahinoğlu Paşinyan- Oskanyan polemikası haqda deyib ki, jurnalist olduğu illərdə Vardan Oskanyandan geniş müsahibə götürüb.
“Özündən razı və təkəbbürlü diplomat idi. Torpaqlarımız işğal altında idi, beynəlxalq birlik İrəvana heç nə demirdi, BMT-nin 4 qətnaməsi yerinə yetirilmirdi və bütün bunları Oskanyan özünün uğur xanəsinə yazırdı. Halbuki, münaqişənin həllini uzatmaqla həmin Oskaynan və onun xidmət etdiyi rejim bütün hallarda müharibəni qaçılmaz edirdi”,- təhlilçi əlavə edib.
E.Şahinoğlunun sözlərinə görə, Oskanyan bir məsələdə haqlıdır: “Madrid planı” Azərbaycan üçün faydalı deyildi. Elə bunun özü müharibə ehtimalını artırırdı. Oskanyan isə indi deyir ki, guya Nikol Paşinyan səhvlər buraxmasaydı müharibə olmayacaqdı və ermənilər torpaqları əvvəlkitək işğal altında saxlayacaqdılar. Əlbəttə, Paşinyanın Şuşada içkili vəziyyətdə yallı oynaması, tez-tez Qarabağa gəlişləri, “Qarabağ Ermənistandır” kimi ifadələri müharibənin başlama tarixini yaxınlaşdırırdı, ancaq Ermənistanın başında başqası da olsaydı, hamımız anlayırdıq ki, torpaqlarımızı güc yolu ilə geri qaytarmaqdan başqa alternativimiz yoxdur, sadəcə Paşinyan müharibənin başlaması tarixini yaxınlaşdırdı”.
Rasim
“AzPolitika.info”


Şərhlər