“Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağl Fərman gözlənilən idi. Məsələ burasındadır ki, ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi və yol-nəqiyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət, ən başlıcası bu işlərə görə vahid cavabdehlik olmalıdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu hüquqşünas nəqliyyat sektoru üzrə mütəxəssis Ərşad Hüseynov bildirib.
Onun sözlərinə görə, vahid dövlət siyasəti, yəni vahid yanaşma və prinsiplər əsasında konkret istiqamətlər üzrə çevik tənzimləmə, koordinasiyalı fəaliyyət, cari işlərin icrası ərazilər və sahələr üzrə şaxələnmiş altqurumlar tərəfindən həyata keçirilməlidir.
“Yaxın 3 ayda BNA ləğv ediləcək və onun bir qədər dəyişikliklərə məruz qalan səlahiyyətlərini bundan sonra həmin altqurumlardan biri, məsələn AYNA-nın departamenti adı altında həyata keçiriləcək”,-hüquqşünas qeyd edib.
Ə.Hüseynov hesab edir ki, bundan sonra bəhs etdiyi vahidlik RİNN-in tabeliyində həyata keçirilməlidir: “Lakin bu, hələ son deyil, çünki Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır. Bu Şura ölkəmizdə mobillik, yol-nəqliyyat infrastrukturu və yol hərəkəti təhlükəsizliyi sahəsində təkmilləşdirmə işləri, yəni islahatla məşğul olmalıdır. Bu islahatlar nəticəsində dövrümüzün çağırışlarına uyğun institusional sistem qurulmalı, hər bir subyektin konkret rolu, xüsusən yerli icra hakimiyyətlərininvə bələdiyyələrin rolu müəyyən olunmalıdır”.
Ekspert hesab edir ki, ən ağrılı məsələlərdən biri – ictimai nəqliyyatın gələcək inkişaf xətti müəyyən edilməlidir. “Burada dövlətin və sahibkarların yeri, rolu və payı aydın olmalıdır. İctimai nəqliyyatın inkişafı üçün dayanıqlı maliyyə mənbələri müəyyən edilməlidir. İctimai nəqliyyatın dayanıqlı və səmərəli inkişafı olmadan hər hansı uğurlu və müasir mobillikdən, yol hərəkəti təhlükəsizliyindən söhbət gedə bilməz”.
Hüquqşünas vurğulayır ki, bütün bunlar yeni və mürəkkəb bir yolayrıcına çıxmaq kimi bir şeydir.
“Ümid edək ki, seçilmiş və irəliləyəcəyimiz yol ən doğru və ən uğurlu yol olacaq”, - o qeyd edib.
Rasim
“AzPolitika.info”


Şərhlər