Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz qazının ölkə istehlakçısına çatdırılmasını simvolizə edən məşəli alovlandırıb.

Bununla da, dövlət başçısı Qara dənizdən Türkiyəyə qaz nəqlinə start verib.

Prezident Ərdoğan Filyosda Qara dəniz qazının istismara verilməsi mərasimində çıxış edib.

O, hadisəni ölkənin enerji müstəqilliyi yolunda tarixi addım adlandırıb.

Ərdoğanın sözlərinə görə, birinci mərhələdə gündə 10 milyon kubmetr qaz hasil edilməsi planlaşdırılır. Gələcəkdə isə bu rəqəm 40 milyon kubmetrə çatdırılacaq və ölkənin illik ehtiyacının təxminən 30 faizini qarşılayacaq.

Türkiyə Prezidenti vurğulayıb ki, növbəti bir il ərzində ölkə vətəndaşlarına ayda 25 kubmetr qaz pulsuz veriləcək. Həmçinin, bir ay ərzində Türkiyə daxilində yaşayış evlərinin təbii qaz istehlakı üçün ödəniş edilməyəcək.

***

Türkiyənin “Sakarya” yatağından çıxarılan təbii qazın quruya çatdırılması ölkənin energetika sahəsində asılılıqdan qurtulmaq üçün ilk addımıdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldak vilayətinin Filyos rayonunda Qara dənizdən çıxarılan təbii qazın istifadəyə verilməsi ilə bağlı təşkil olunan rəsmi mərasimdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, “Sakarya” yatağından təbii qazın çıxarılması 10 min işçi 50 gəminin də cəlb olunduğu işlər sayəsində mümkün olub.

Ərdoğan əlavə edib ki, burada kəşf edilən təbii qazın istifadəyə verilməsi cəmi 32 il ərzində reallaşdı.