Məlum olduğu kimi, ötən gün Rusiyanın Ukrayna ilə həmsərhəd Belqorod vilayətinin mərkəzində güclü partlayış baş verib. Nəticədə Belqorod şəhərinin mərkəzi küçələrinin birində 20 metr enində dərin bir çuxur yaranıb. Ətrafdakı binalara və avtomobillərə ciddi ziyan dəyib, iki nəfər xəsarət alıb.
“AzPolitika.info” xəbər verir ki, Rusiya kanalları və təbliğatçıları bu partlayışı “Ukraynanın dinc əhaliyə qarşı xain hücumu” kimi qələmə verməyə başlayarkən, hadisənin Rusiyanın özü tərəfindən törədildiyi məlum olub.
Şəhərin mərkəzində baş verən partlayışla bağlı ilk açıqlamanı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov verib.
Qubernator Qladkovun bəyanatından dərhal sonra Rusiya Müdafiə Nazirliyi partlayışla bağlı açıqlama yayıb.
Məlumatda deyilir ki, Belqorodda böyük partlayışa və panikaya səbəb olan bomba Rusiyaya aid “SU-34” hərbi təyyarəsindən düşüb. Nazirlik bunu “ştatdankənar hadisə” adlandırıb və əlavə izahat verməyib.
Açıqlamada, “20 aprel 2023-cü il, Moskva vaxtı ilə saat 22:15-də Hava-Kosmik Qüvvələrinə məxsus "Su-34" təyyarəsinin Belqorod şəhəri üzərində uçuşu zamanı aviasiya sursatları qeyri-adi şəkildə yerə düşüb”,- deyə qeyd olunub.
Qeyd edək ki, Rusiya hərbi aviasiyası artıq xeyli müddətdir ki, Ukraynanın hava məkanına daxil olmaqda çətinlik çəkir. Ona görə də əksər hallarda Ukrayna ərazisini sərhədi keçmədən, Rusiya ərazisindən bombalamağa çalışır. Görünür, belə cəhdlərdən biri Belqorod əhalisinin “başında çatlayıb”.
“AzPolitika.info”

Şərhlər