Uşaqları həm də cəmiyyətin “sabahı” adlandırırlar. Hər bir uşaq cəmiyyətin gələcəyi hesab olunur. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı da bundan asılı olacaq.
Əgər biz gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, deməli onların xoşbəxtliyini də təmin etməliyik. Bunun üçün uşaqlar daim diqqət mərkəzində olmalı, onlara qayğı göstərilməli, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına nəzarət edilməlidir.
Təbii ki, hər bir valideynin arzusu övladını xoşbəxt görməkdir. Ancaq təəssüf ki, bəzi ailələr bu xoşbəxtliyi təmin etmək üçün övladlarının fiziki və mənəvi ehtiyaclarını eyni səviyyədə qarşılaya bilmirlər. Övladının fiziki ehtiyaclarına daim önəm verən valideynin əsas istəyi yalnız uşağın yeməyini yeməsi, qarnının tox olması, üşüməməsi, xəstələnməməsi kimi öhdəliklərdən ibarət olur.
Təəssüf ki, övladlarının mənəvi ehtiyaclarını qarşılaya bilməyən bəzi valideynlər, onların emosialarını fiziki ehtiyacları qədər önəmli hesab etmirlər. Bu, gələcək adına valideyn-övlad münasibətlərində bir sıra problemlərin ortaya çıxacağından xəbər verir.
Bəs valideynlər övladlarının mənəvi ehtiyaclarını necə qarşılaya bilərlər?
Əslində xoşbəxt uşağı tək bir prizmadan təsvir etmək xeyli çətindir. Ancaq ailəsi tərəfindən diqqət və qayğı görən, bütün ehtiyacları qarşılanan uşaqların xoşbəxt övlad olduğunu söyləmək olar. Uşağın xoşbəxt olması ilk növbədə ailə quruluşu və oradakı mühitlə bağlıdır. Məlumdur ki, balanslı ailə mühiti, evdə sərhədlərin və qaydaların olması uşaqların özünə inamının inkişafına müsbət təsrir göstərir.
İlk növbədə övladlarımızı texnologiyanın mənfi təsirlərindən qorumalıyıq
İndiki uşaqlar texnologiyadan istifadəyə öyrəşiblər və çox tez darıxırlar. Əslində texnologiya ilə əlaqəni idarə etmək mümkün olduqda onun mənfi təsirlərini azaltmaq mümkündür. Ona görə də texnologiyanın nəzarətli istifadəsi uşaqlar üçün çox vacibdir.

Uşaqlar doğulduqları andan etibarən ətrafdakı səslər, rənglər, fiziki təmaslar əsasında reaksiya formalaşdırırlar. Bütün bunlar uşaqlarda hiss duyğusunun inkişafını təmin edir. Ancaq planşet, kompüter və telefon kimi texnoloji məhsullar hiss orqanlara təsir edərək, uşaqların ekran qarşısında hərəkətsiz qalmalarına səbəb olur. Uşağın texnologiya məhsulları qarşısında hərəkətsizliyi, tək tərəfli ünsiyyət və reaksiyaların olmaması, hiss orqanlarına müraciət etməsi onun inkişafına mənfi təsir göstərir.
Beynəlxalaq araşdırmalara görə, uşaqlar üç yaşlarına qədər bu kimi texnologiyalardan uzaq tutulmalıdırlar. Növbəti yaşlarında isə ancaq valideynlərinin nəzarəti altında müəyyən müddət ərzində onların bu vasitələrdən istifadəsinə icazə verilə bilər.
Uşaqların mənəvi inkişafına töhfə verən ən mühüm fəaliyyət oyundur
Texnologiya məhsulları əvəzinə uşaqlara sosial qarşılıqlı əlaqə və fiziki fəaliyyət üçün daha çox imkanlar təqdim edən oyunlara üstünlük verilməlidir. Araşdırmalara görə, oyun zamanı uşaqların təxəyyülü böyük ölçüdə inkişaf edir.
Valideynlər davranışlarına nəzarət etməlidirlər
Uşaqlar böyüdükcə ilk olaraq müşahidə yolu ilə doğulduğu ailənin davranışını modelləşdirir. Ümumiyyətlə, uşaqların şəxsiyyətinin formalaşmasında fitri temperamentlə yanaşı, valideynlərin davranış nümunələri də mühüm rol oynayır.

Sosial öyrənmə vasitəsilə uşaqlar valideynlərinin davranışlarını modelləşdirir və onlar kimi davranmağa başlayırlar. Uşaqlara müsbət təsir etmək istəyiriksə, ilk növbədə öz davranışlarımızı nəzərdən keçirməliyik.
Eyni mühitdə olmaq, birlikdə vaxt keçirmək anlamına gəlmir
Bir araşdırmaya görə, bir gündə atanın uşaqla əlli saniyə, ananın isə ən çox beş dəqiqə təkbətək vaxt keçirdiyi müəyyən edilib. Valideyn bəzən bütün günü uşağın yanında olsa da, qarşılıqlı əlaqə müddəti bəzən çox qısa olur. Bu o deməkdir ki, eyni mühitdə olmaq, eyni mühiti paylaşmaq birlikdə vaxt keçirmək demək deyil. Uşaqla baş-başa vaxt keçirmək yüksək səviyyəli, bahalı məkanlar və oyuncaqlar, ya da digər fəaliyyətlər tələb etmir.

Əsas odur ki, valideyn övladı ilə birlikdə onun maraq duyduğu bir fəaliyyətlə məşğul olsun. Bu, televizor və ya planşet oyunlarından başqa istənilən fəaliyyət növü ola bilər. Uşaqla təkbətək vaxt keçirməyin təsiri o qədər yüksəkdir ki, bəzi psixoloji problemlərdə müalicəvi xüsusiyyətlərə malik olduğu bilinir. Məsələn, psixoloqlar DEHB (Diqqət əskikliyi hiperaktivlik pozuqluğu-red.) kimi problemləri aradan qaldrımaq üçün valideynlərə ilk növbədə övladları ilə vaxt keçirmələrini tövsiyyə edirlər. Valideynin övladıyla keçiridyi vaxtın qarşılıqlı təsir gücü çox yüksəkdir. Çünki valideyn bu zaman uşağa - “Səni dinləyirəm”, “Mən səni başa düşürəm”, “Sənin üçün buradayam”, “Sənə dəyər verirəm” kimi həyati ödən daşıyan mesajlar verə bilir.
E. Bəyməmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda hazırlanmışdır.


Şərhlər
Uşaqları xoşbəxt etmək üçün onlara dövlət qayğ\sını artırmaq vacibdir.Uşaq baxçalatından başlamış,təhsil səviyyəsinə qədər münasibət müsbətə doğru dəyişməlidir.Təhsilin səviyyəsi,Ali təhsilin təçkili.universitet məzunlarının iş yerləri ilə təmini ,gənclərin,işsizlik probleminin həlli Dövlətin prioritet vəzifəsi olmalıdır.Bu sahə ciddi nəzarətə götürülməli və dövlət qayğısı hiss edilməlidir.