Şimali Koreyanın Yonbyon nüvə sahəsini genişləndirdiyi ortaya çıxıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Şimali Koreya ilə bağlı xəbər və təhlillərin yer aldığı “38 North” saytında aprelin 20-də peykdən çəkilmiş görüntülərə əsaslanan hesabat dərc edilib.
Məlumata görə, Şimali Koreya Yonbyon nüvə sahəsini genişləndirib və yeniləyib.
Paylaşılan görüntülərdə Yonbyon Nüvə Elmi Tədqiqat Mərkəzində, 5 meqavatlıq reaktorun yaxınlığında və uranın çevrilmə zonasında mühüm strukturların yaradıldığı nəzərə çarpıb. Həmçinin Yonbyonda yerləşən Kuryonq çayı bəndində və onun ətrafında da yeniliklər aşkar edilib.
Qeyd edək ki, Yonbyon kompleksi Şimali Koreyanın nüvə proqramının “ürəyi” hesab edilir. 2019-cu ilin əvvəlində ABŞ-ın o zamankı prezidenti Donald Trampla görüşən Şimali Koreya lideri Kim Çen In ölkəsinə qarşı ağır sanksiyalar yumşaldılacağı təqdirdə bu kompleksi ləğv etməyi təklif etmişdi.
Lakin həmin vaxt bu təklif ABŞ administrasiyası tərəfindən rədd edilmişdi. ABŞ bunun məhdud nüvəsizləşdirmə addımı olduğunu açıqlamışdı.
“AzPolitika.info”




Şərhlər