Ukrayna Müdafiə naziri Aleksey Reznikov hesab edir ki, Rusiya rəhbərliyi döyüş meydanındakı məğlubiyyətlərdən çıxış edərək, yeni “xoşməramlı jest” hazırlayır.
“AzPolitika.info” xəbər verir ki, “İnerfaks-Ukraina”-ya müsahibə verən nazirin fikrincə, Kreml qarşıdakı məğlubiyyətllərin Rusiya cəmiyyətində yaradacağı narazılıqlardan özünü sığortalamaq üçün yollar axtarır.
Reznikov Rusiya rəhbərliyinin hansısa “texnogen fəlakət”, “katoklizm” adı altında “xoşməramlı jest” edəcəyini istisna etməyib: "Artıq onların informasiya resurslarında “xüsusi hərbi əməliyyatı bitirmək lazımdır”, “müdafiəyə keçmək lazımdır” kimi fikirlər səsləndirilir. Axı, onlar Ukrayna Ordusunun növbəti uğurunu xalqa necəsə satmağın yollarını düşünməlidirlər. Bunun üçün məsələn, Elektrik Stansiyasında, Su Elektrik Stansiyasında, Atom Elektrik Stansiyasında nəsə baş versə, əhali üçün risklər yaranacaq və bu, hökumətdən təcili diqqət tələb edəcək. Resursların, o cümlədən hərbçilərin toplanmasına ehtiyac yaranacaq. Beləliklə də, guya onlar insanlara Ukraynada aktiv hərbi əməliyyatları niyə dayandırdıqlarını izah edə biləcəklər. Yəni, Rusiyada hansısa kataklizm adı altında “xoşməramlı jest” elan etmək məcburiyyətində qalacaqlar”.
Xatırladaq ki, müharibənin ilk aylarında biabırçı məğlubiyyətdən sonra öz ordusunu Kiyev ətrafından çəkilməli olan Rusiya rəhbərliyi bunu “xoşməramlı jest” adlandırmışdı.
“AzPolitika.info”


Şərhlər