Prezident İlham Əliyev: “Dünya heç vaxt Rusiya-Ukrayna müharibəsinə qədər olduğu kimi olmayacaq”
Prezident İlham Əliyev mayın3-də ADA-nın təşkilatçılığl ilə Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransada” tanınmış xarici xarici ekspertlərin, nüfuzlu beyin mərkəzləri təmsilçilərinin suallarını cavablandırıb.
Onlardan biri - Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun beynəlxalq təhlükəsizlik araşdırmaları üzrə direktoru Neyl Melvin dövlət başçısından bu sualını cavablamdırmağı xahiş edib: “Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropanın təhlükəsizliyini dəyişdirir. Bir vaxtlar Rusiyanın da daxil olduğu kollektiv layihə Rusiyanın qarşısını almaq, onu çəkindirmək üçün layihəyə çevrilir. Rusiya Avropanın təhlükəsizliyi üçün təhdiddir. Bu, bizim Avropanın yenidən silahlanması, Qara dənizdə təhlükəsizlik mühitinin transformasiyası kimi gördüyümüz Vilnüs-NATO sammiti ilə daha da aydın görünəcək. Mənim sualım belədir. Azərbaycanın tranzit ölkə, enerji ölkəsi olaraq roluna dair açıqladığınız planları nəzərə alsaq, Siz xüsusilə Qərb ictimaiyyətinin Rusiyaya münasibətdə mövqeyindəki dəyişiklik nəticəsində yeni çağırışlar görürsünüzmü və bu yeni şəraitdə Azərbaycanın öz xarici siyasətinin bəzi aspektlərinə düzəlişlər etməli olacağı gözlənilirmi?
Prezident İlham Əliyev: “Əlbəttə ki, bu qarşıdurmanın necə başa çatacağını, Rusiya-Ukrayna müharibəsinin nə vaxt və necə başa çatacağını, bu müharibə başa çatandan sonra geosiyasi vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətindir. Çünki gec-tez müharibə başa çatacaq. Baxmayaraq ki, biz müharibənin aparılma tərzinin dəyişdiriləcəyini istisna edə bilmərik. Lakin yenə də bu barədə danışmaq hələ tezdir. Beləliklə, hər şey bundan asılı olacaq. Lakin tamamilə aydındır ki, dünya heç vaxt Rusiya-Ukrayna müharibəsinə qədər olduğu kimi olmayacaq. Bu, tamamilə aydındır. Düşünürəm ki, bir çox Avropa ölkəsi, NATO üzvləri üçün aydındır ki, onlar təhlükəsizlikləri və müdafiə qabiliyyətləri ilə bağlı daha ciddi tədbirlər görməli idilər. Çünki onlar özləri rəhbərlik səviyyəsində etiraf ediblər ki, özlərini müasir silahlar, sursatlarla təchiz etmək üçün kifayət qədər iş görməyiblər. Ola bilsin, onlar görüblər ki, malik olduqları ilə bağlı bəzi statistik məlumatları doğru deyil. Bu, bəzən baş verir. Beləliklə, düşünürəm ki, bu geosiyasi dəyişiklik Avropanın, dünyanın hərbiləşməsinə gətirib çıxaracaq. Bu, bir tərəfdən təhlükəli ola bilər, bir növ təhrik rolunu oynaya bilər, digər tərəfdən düşünürəm ki, çəkindirmə amili ola bilər.
Biz Azərbaycanda uzun illər əvvəl dərk etdik ki, bizə heç kim kömək etməyəcək. Bizim beynəlxalq hüququn üstünlük qazanacağı ilə bağlı bütün illüziyalarımız yoxa çıxdı, dərhal yox, amma danışıqlar prosesi ərzində. Biz dərk etdik ki, əgər güclü ordumuz olmasa, gənc nəsli təkcə torpaqları uğrunda deyil, həm də öz şərəfləri uğrunda mübarizə aparmaları üçün hazırlamasaq həmişə işğal altında olacağıq, həmişə şikayət edəcəyik. Biz şikayətlənməkdən bezmişdik, indi qoy başqaları bizdən şikayət etsin. Azərbaycanda bu, belə oldu. Düşünürəm ki, Azərbaycanın nümunəsi dəyərlidir. Bilirəm ki, bizim döyüşləri necə aparmağımız, xüsusilə Şuşanın azad edilməsi beynəlxalq hərbi akademiyalarda qiymətləndirilir. Siz Şuşaya yaxınlaşanda yəqin gördünüz ki, qayalıqdır, sadəcə qaladır. Onu fəth etmək çox çətindir. Şuşa Azərbaycanda hakimiyyətdə olan və ya hakimiyyətə gəlməyə çalışan bir çoxlarının xəyanəti nəticəsində işğal olunmuşdu. Ona görə də Şuşanın azad edilməsi həqiqətən də bizim ruhumuzun nümayişidir. Düşünürəm ki, geosiyasi dəyişikliklərin sizə problem yaratmaması, əksinə, sizin üçün imkanlar yaratması sizdən, sizin strategiyanızdan, sizin vəziyyəti doğru təhlil etməyinizdən və həmçinin sizin prinsipial siyasətinizdən asılıdır. Çünki əgər ölkələr manevr etməyə başlasalar, məsələn, bizim hazırda Ermənistanda şahidi olduqlarımız kimi, bu, manevr etmək cəhdidir, iki stulda deyil, düşünürəm ki, minimum 4 stulda oturmaq cəhdidir. Bu isə mümkün deyil. Azərbaycana gəlincə, istər regional inkişafla bağlı siyasətimiz olsun, istər beynəlxalq məsələlərlə bağlı, ölkələrin ərazi bütövlüyü ilə bağlı siyasətimiz olsun, tamamilə aydındır, hazırkı vəziyyətin maraqlarından tamamilə kənardır. Zənnimcə, Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Biz artıq bunu görürük. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də “kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi ilə əlaqədardır. Əlbəttə ki, Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün hazırda Azərbaycanın enerji ehtiyatlarına əvvəllər olduğundan daha çox ehtiyac var. Mən ölkəmizin perspektivləri ilə bağlı bədbin fikirdə deyiləm, daha çox nikbin fikirdəyəm, lakin həmişə realist olmağa çalışıram”.
“AzPolitika.info”


Şərhlər