“Rusiya çox güman ki, bu il Ukraynada böyük bir hücum əməliyyatına başlaya bilməyəcək. Onlar əsas diqqətlərini işğal olunmuş ərazilərə nəzarəti gücləndirməyə yönəldəcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-nin Milli Kəşfiyyat idarəsinin direktoru Avril Hayns ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sessiyasında çıxış edərkən deyib.
Hayns Rusiyanın Ukraynada döyüş sursatı və canlı qüvvə sarıdan çətinliklə üzləşdiyini ifadə edib:“Rusiya qüvvələri əhəmiyyətli dərəcədə döyüş sursatı çatışmazlığı və ciddi personal qıtlığıyla üzləşiblər. Lakin onlar hələ də işğal altındakı Ukrayna ərazilərində minalar yerləşdirməyə və yeni müdafiə mövqeləri hazırlamağa davam edirlər”.
Ukrayna ordusunun mümkün əks-hücumlarından asılı olmayaraq, Rusiya qüvvələrinin bölgədə çətinlik çəkməyə davam edəcəyini qeyd edən Hayns, “Rusların bu il Ukraynada böyük hücum əməliyyatına başlayacağı ehtimalı edilmir” deyib.
ABŞ kəşfiyyatının rəhbəri əlavə edib ki, Moskvanın hazırkı münaqişədə nüvə silahından istifadə edəcəyi gözlənilmir.
“AzPolitika.info”


Şərhlər