Menu

General Mizintsev Priqojinin tabeliyində - Şoyqunun vəzifədən qovulan müavini “Vaqner”ə keçdi + VİDEO

05.05.2023, 12:45
General Mizintsev Priqojinin tabeliyində - Şoyqunun vəzifədən qovulan müavini “Vaqner”ə keçdi  + VİDEO


Rusiya ordusunda baş verənləri artıq adi məntiqlə izah etmək olduqca çətindir. Rəhbərlikdə tez-tez baş verən kadr dəyişiklikləri, “Vaqner” başçısı ilə Müdafiə Nazirliyi rəhbərliyi arasındakı münasibətlər, qarşılıqlı ittiham və təhqirlər onu deməyə əsas verir ki, hərbi idarəçilik başıpozuqluq və iflic vəziyyətinə yaxındır...

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya Müdafiə nazirinin ötən ay istefaya göndərilən müavini, “Mariupol qəssabı” kimi ad çıxarmış general-polkovnik Mixail Mizintsev “Vaqner” özəl hərbi şirkətində “vəzifə” alıb. Bu barədə rusiyalı “hərbi müxbir” Aleksandr Simonov məlumat yayıb və generalın “Vaqner”-in geyimində videosunu paylaşıb.

Xəbərdə deyilir ki, Mizintsev “Vaqner”də komandir müavini vəzifəsinə təyin olunub və bu özəl hərbi şirkətin döyüşçü hazırlığı işlərilə məşğul olmağa başlayıb. Onun hətta ağır döyüşlərin davam etdiyi Baxmuta səfər etdiyi və vəziyyətlə yerində tanış olduğu iddia olunur.

Beləliklə, məlum olur ki, Rusiyanın “şanlı” hərbi məktəbini keçmiş, general-polkovnik rütbəsinə və Müdafiə nazirinin müavini vəzifəsinə qədər yüksəlmiş zabit kriminal fiqur və “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojinin tabeliyinə keçib.

Əlbəttə, bu müharibə Rusiya ordusuna başucalığı gətirməyən çoxsaylı hadisələr və faktrlarla olduqca zəngindir və bu baxımdan yanaşılsa, general-polkovnikin kriminal ünsürlərin, cinayətkarların yer aldığı və idarə etdiyi “Vaqner”-də komandir müavini təyin edilməsində qeyri-adi bir şey yoxdur...

Yeri gəlmişkən, Mizintsevin özü də bir çox hərbi cinayətlərdə ittiham olunur və Qərbin sanksiya siyahılarında yer alır. Məhz Mizintsev Mariupola hücum əməliyyatına başçılıq edib və 10 minlərlə dinc əhalinin qətlinə səbəb olan bombardmanlara, o cümlədən uşaq və doğum evlərinin bombalanmasına əmr verib.

C.Məmmədov

“AzPolitika.info”    



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol