Menu

Ukrayna ordusu hücum əmri gözləyir – Qərbdən gələn minlərlə texnika, təlim keçmiş əsgərlər döyüşə hazırdı

08.05.2023, 15:26
Ukrayna ordusu hücum əmri gözləyir – Qərbdən gələn minlərlə texnika, təlim keçmiş əsgərlər döyüşə hazırdı

Rusiyanın tramplin kimi baxdığı Baxmut şəhəri uğrunda aylardır ən şiddətli döyüşlər gedir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib. Ukrayna qüvvələri son həftələrdə geri oturdulub, amma əraziyə nəzarəti bir qədər saxlaya bilib və bu arada Rusiya nizami qoşunlarının və “Vaqner” muzdlu qruplaşması döyüşçülərinin mümkün qədər çox itki verməsinə çalışıb.

Baxmutun Ukraynanın nəzarətində olan şimal hissəsi boyunca 10-cu Dağ Hücum Briqadasının tank heyətləri Rusiya qüvvələrinə qarşı əks-hücuma keçmək üçün torpağın qurumasını gözləyirlər. Donmuş torpağın əriməsi və yaz yağışının yaratdığı palçıqlı yollar onların irəliləməsinə məne olub.

“Current Time” layihəsinə danışan tank operatoru Mykola deyib: “Rusların hələ də kifayət qədər artilleriya və tank əleyhinə silahları, o cümlədən, tank əleyhinə idarə olunan raketləri (ATGM) var. Vəziyyət asan deyil. Hazırda olduğu kimi, yağış yağarkən işləmək çətindir”.

Bir çox hərbi ekspert ərazinin strateji əhəmiyyəti ilə bağlı etiraz etsə də, Ukrayna rəsmiləri Baxmutu əllərində saxlamağın vacibliyini vurğulayır.

Bu arada isə Ukrayna gözlənilən əks-hücum üçün son hazırlıqları aparır. Ukraynanı hücumda Qərbdən gələn minlərlə zirehli texnika, o cümlədən tanklar və yeni təlim keçmiş əsgərlər dəstəkləyəcək.

Kiyevin zərbəni nə vaxt, harada və necə vuracağı bilinmir. Təhlilçilər deyirlər ki, əks-hücum müharibənin gələcək istiqamətinə, uğur dərəcəsi Qərbin dəstəyinin davam edib-etməməsinə təsir göstərə bilər.

Ərazidəki döyüşlər iki hissəyə bölünüb: şəhər daxilində küçə döyüşləri; Rusiya qüvvələrinin Ukrayna əsgərlərini mühasirəyə almağa çalışdığı şimal-qərb və cənub-qərbdəki tarlalarda, kəndlərdə döyüşlər.

10-cu Dağ Hücum Briqadasının tank operatoru Petro deyir ki, Ukrayna ordusu Rusiyadan yeni əlavə qüvvələrin gəldiyini bildirdiyi bir vaxtda şəhərdə döyüşlər intensivləşib, şimal-qərb bölgələrində isə döyüşlər səngiyib.

Əksər tank ekipajları bildirirlər ki, Rusiya mövqelərini müharibənin əvvəlinə nisbətən indi daha çox möhkəmləndirib. Petro qeyd edir ki, döyüşlər getdikcə daha çox “xəndək döyüşü”nə çevrilir. Yenə də tank operatorları Rusiya xətlərini keçməyə hazır olduqlarını və qarşıdan gələn əks-hücumu səbirsizliklə gözlədiklərini bildiriblər.

Mykola: “Onların tankçıları ilə üz-üzə gəlməyi çox istərdim. Orada tankçıların və ya əsgərlərin olmasının fərqi yoxdur. Onları buradan qovmaq lazımdır!"

Ukrayna rəsmiləri bildiriblər ki, Baxmutda şiddətlənən döyüşlər Moskvanın 9 May Qələbə Gününədək şəhəri ələ keçirmək səylərinin bir hissəsidir. Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, Rusiya əlavə sayda “Vaqner” muzdluları və paraşütçülər də daxil olmaqla, əlavə qüvvələr göndərir.

Ukrayna əsgərləri bir müddətdir ki, Baxmutda rusiyalı əsgərlər və “Vaqner” döyüşçüləriylə vuruşurlar. Vaqner öz sıralarını doldurmaq üçün getdikcə daha çox məhbuslara müraciət edir. Həmin məhkumlar arasında itkilər böyükdür. Belə ki, onları riskli hücumlara göndərirlər. Burada taktika Ukraynanın müdafiəsini qırmaq, daha sonra daha təcrübəli Rusiya qüvvələrinin hücuma keçməsindən ibarətdir.

Malyarın açıqlaması, “Vaqner”in rəhbəri Yevgeni Priqojinin kifayət qədər sursat olmadığı üçün qüvvələrini mayın 10-dək şəhərdən çıxaracağı haqda açıqlaması ilə ziddiyyət təşkil edir.

Mayın 5-də gərgin və söyüşlə dolu açıqlamada Priqojin bildirib ki, “yaraları sağaltmaq” üçün qüvvələrinin arxa bazalara çəkilməkdən başqa çarəsi yoxdur. Bu, muzdlu qruplaşma ilə Rusiya Müdafiə Nazirliyi arasında getdikcə artan gərginliyin son epizodu sayılır.

Priqojinin “Vaqner” qüvvələrini geri çəkib-çəkməyəcəyi hələ bəlli deyil. Lakin bu addım Moskvanın Baxmutu ələ keçirmək cəhdini təhlükə altına qoya bilər. Hətta ön cəbhədə “Vaqner” qüvvələrini rusiyalı əsgərlər əvəz etsə belə.

Baxmut döyüşləri həm Rusiya, həm də Ukrayna qüvvələri üçün böyük itkilərə səbəb olub. Ağ Ev mayın 1-də bildirib ki, Rusiya dekabrdan bəri 20 mini döyüş zamanı həlak olan hərbçilər olmaqla, 100 minə yaxın itki (ölü və yaralı) verib. ABŞ rəsmiləri hesab edir ki, bu itkilərin çoxu Baxmutda baş verib.

Bu müddət ərzində Ukraynanın nə qədər itki verdiyi bilinmir. Kiyev bu rəqəmləri gizli saxlayır. ABŞ hökuməti Ukraynanın itkiləri ilə bağlı oxşar rəqəmləri açıqlamaqdan imtina edib.

Fevralın sonunda Milli Qvardiya üzvü Cek Teyşeyra tərəfindən “Discord” platformasında sızdırıldığı iddia edilən ABŞ kəşfiyyat sənədlərinə görə, 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalı başlayandan döyüşlərdə 17 minə qədər ukraynalı əsgər öldürülüb. Elə həmin sənədlərdə müharibənin birinci ilində 42 min 500 rusiyalı əsgərin həlak olduğu bildirilirdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol