Menu

Ukrayna XİN Ermənistan və Mərkəzi Asiya liderlərinin Moskvadakı parada qatılmasına sərt reaksiya verib

09.05.2023, 19:32
Ukrayna XİN Ermənistan və Mərkəzi Asiya liderlərinin Moskvadakı parada qatılmasına sərt reaksiya verib

Ukrayna Xarici İşlər Nazirliyi Ermənistanın Baş nazirinin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərinin mayın 9-da Rusiyanın paytaxtı Moskvada Qızıl meydanda Qələbə Gününə həsr edilən təntənəli hərbi paradda iştirakını amoral və qeyri-dost addım hesab edir.

“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin bəyanatında bildirilib.

“Tədbir zamanı hərbi cinayətlər törətdiyinə görə beynəlxalq axtarışa verilən Rusiya Prezidenti Vladimir Putin ukraynalıların öldürülməsinə, Ukraynanın şəhər və kəndlərinin dağıdılmasına, ukraynalı uşaqların oğurlanmasına və işğal olunmuş Ukrayna ərazilərinin sakinlərinə qarşı repressiyalara haqq qazandırıb”, - bəyanatda deyilib.

Qeyd olunub ki, sözügedən paraddan öncəki gecə Rusiya Ukrayna torpaqlarında daha çox insan tələfatına və daha çox dağıntıya yol açmaq üçün Ukraynaya 15-i Kiyevə olmaqla 25 qanadlı raket atıb.

Bundan əlavə, XİN Moskvada keçirilən tədbirin iştirakçılarına Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzkar müharibəsində “onuncu ildir ki, iştirak edən” Rusiya hərbi texnikasının nümayiş etdirilməsinə diqqət çəkir.

“Biz bu xarici dövlətlərin rəhbərlərinin Avropada İkinci Dünya müharibəsindən bəri misli görülməyən miqyasda savaşa başlaması ilə öyünən hərbi cinayətkarın yanında ictimai tədbirdə iştirakını Ukraynaya qarşı əxlaqsız və qeyri-dostcasına addım, həmçinin yaşam və azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına sayğısızlıq kimi dəyərləndiririk”, - XİN bildirib.

Xatırladaq ki, mayın 9-da Moskvada İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində Qələbə Günü münasibətilə keçirilən paradda yalnız keçmiş SSRİ ölkələrinin adıçəkilən liderləri, o cümlədən Belarus Prezidenti Aleksandr Lukaşenko edib. Sonuncu Ukraynanın bəyanatında ümumiyyətlə anılmayıb.

Şərhlər

dadaşyev 2023-05-10 02:21:11

Ümumiyyətlə,9 may məsələsini bitirmək lazımdır.Əvvəla,bu,Moskvanın qələbəsi olmayıb axı Moskvaya yığışsınlar.Bu,bugünkü BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçünün---ABŞ-ın,Britaniyanın və SSRİ-nin qələbəsi olub,ikinci cəbhə açılana qədər hələ SSRİ öz daxilində vuruşurdu,öz sərhədlərinə çıxa bilməmişdi,yalnız Stalinqrad və Kursk vuruşmasında almanları məğlub edə bilmişdi,amma Baltik dənizindən Qara dənizə qədər hələ Hitlerin təpədən dırnağa qədər silahlanmış orduları vardı və bütün Avropa da almanların ayağı altındaydı,bütün Avropa sənayesi Almaniya üçün işləyirdi.ABŞ və Britaniya ikinci cəbhəni açınca Hitler diviziyaların əksəriyyətini SSRİ cəbhəsindən götürüb amerikan-ingilis cəbhəsinə göndərməyə məcbur olur,bundan istifadə edən ruslar elə ABŞ-la Britaniyanın “Lend-liz”lə illərdi müftə-müsəlləm göndərdikləri silahlarla (necə ki indi Ukraynaya göndərirlər) tezliklə SSRİ sərhədlərini bərpa edib Berlinə hücuma başlaya bilirlər.Və utanmadan da 80 ilə yaxındır lovğalanırlar ki,almanları biz məğlub etdik.Amerikanlar-ingilislər olmasaydı neyləyə bilərdiniz ki?1941-ə qədər dayandoldurum deyildimi rus əsgərinin tüfəngi?1939-dan 1941-ə qədər dayandoldurumla bapbalaca Finlandiyayla bacara bildinizmi ki,o boyda üçüncü reyxlə təkbaşına bacarasınız?Yau kardeşim,9 may deyilən bayram Təhlükəsizlik Şurasının beş daimi üzvünün müharibədən sonrakı dünyanı yenidən bölmək bayramıdır.80 ildir bəşəriyyətin anadan əmdiyini burnundan gətirib o bölgü,nə deyib qeyd etsin bəşəriyyət o bayramı?Dünyanın o bölgüsündən dünyadakı 200-ə qədər ölkədən 195-nin payına nə düşüb ki bayramdı deyib şənlənsin?Əlbəttə,bizdən də yüzminlərlə insan o müharibədə həlak olub.Ona görə də deyə bilərlər bu üzdən 9 mayı bayram etməyə haqqımız çatır.Onda 7 Noyabrı da qeyd edək də,adını da qoyaq kasıb-kusubun bayramı,çünki bolşeviklər bizi işğal edəndən sonra ta kolxozlaşmaya qədər on minlərlə çalpapaq Kərəmlər vətəndaş qırğınında öldürülüb.Amma on minlərlə Gəray bəylər də öldürülüb axı.İndi biz hansına rəhmət oxumalıyıq:çalpapaq Kərəmə,yoxsa onu öldürən Gəray bəyə,yoxsa Gəray bəyi məğlub edən Bəxtiyara?Hansınamı?Kardeşim,kim işğalçıya qarşı olubsa,ona.Çünki Vətən sevgisi də imandandır.İndi deyəcəklər Hitler də bizi işğal etmişdi axı.Aaaa!Hitlerdən qabaq Lenin bizi işğal etməmişdimi?Yəni biz ikinci işğalçıya qarşı ona görə vuruşmuşuq ki,birinci işğalçı möhkəm otursun işğal etdiyi torpaqlarda?İşğal edən rus oldu,alman oldu,yapon oldu,fərq edərmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol