“Hizbullah”ın lideri ayətullahla siyasi məsələləri müzakirə edib
“The Associated Press”in xəbərində deyilir ki, “Hizbullah”ın lideri Seyid Həsən Nəsrullah şiələr arasında xüsusi nüfuzu olan ayətullahı Livanın paytaxtı Beyrutda ziyarət edib.
Agentlik qeyd edir ki, İsrail tərəfindən daim hədəfdə olan “Hizbullah”ın lideri son dərəcə nadir hallarda ictimai yerlərdə görünür. Elə ona görə də bu şiə təşkilatına bağlı mənbələr ziyarət harada baş tutması barədə də heç bir məlumat verməyib. Ancaq qeyd olunub ki, “Hizbullah”ın lideri ayətullahla Yaxın Şərqdə baş verən hadisələr haqda, həmçinin Livan və İraqın bu günkü əsas problemləri barəsində geniş danışıqlar aparıb.
1942-ci ildə doğulmuş Bəşir əl-Nəcəfi Beyruta tibbi müayinədən keçmək üçün ötən həftə gəlib. O, əslən pakistanlıdır və dünyada şiə alimlər arasında xüsusi nüfuzu ilə seçilir. O, İraqda şiələrin müqəddəs hesab etdiyi Nəcəf şəhərində onillərdir ki, məskunlaşıb.
Agentlik qeyd edir ki, Nəcəf şəhərində şiəliyə bağlı onlarla məktəb var. Həmin məktəblərin əksəriyyəti Əl-Nəcəfinin nəzarəti altındadır. Orada təhsilini başa vuran din xadimləri 200 milyonluq şiələrin mənəvi və siyasi dünyasına ciddi təsir göstərə bilirlər.
Seyid Həsən Nəsrullah özü də İranın müqəddəs şəhəri Quma Nəcəfdə bir müddət dini təhsil aldıqdan sonra getməli olub. Çünki o vaxtlar Səddam Hüseyn İraqda şiələrin inkişafının qarşısını ən sərt üsullarla almağa çalışırdı. /musavat.com


Şərhlər