Menu

Putin Şimali Koreya liderinə dəstək verdi

19.11.2014, 23:33
Putin Şimali Koreya liderinə dəstək verdi

Kim Yonq Un Beynəlxalq Cinayət Məhkəməsindən qurtulmağa çalışır

“Reuters”in Moskvadan verdiyi xəbərdə bildirilir ki, çərşənbə günü Rusiya prezidenti Vladimir Putin Şimali Koreya ilə ikitərəfli əlaqələrin daha da dərinləşməsinin regionda təhlükəsizliyin güclənməsinə təkan verəcəyini bildirib. Prezidentin bu bəyanatı Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Yonq Unun xüsusi nümayəndəsi ilə Moskvada keçirilmiş danışıqlardan bir gün sonra səslənib.

Agentlik qeyd edir ki, Şimali Koreya rəsmiləri Moskvada nadir hallarda görünürlər. Ancaq indi vəziyyət xeyli mürəkkəbdir. Belə ki, BMT Təhlükəsizlik Şurasında keçirilən yığıncaqda Şimali Koreyadakı insan haqlarını araşdıran komissiya ölkədəki 80-120 minə yaxın siyasi məhbusun mövcudluğunu və ölkədəki aclığın təsəvvür edilə bilməyəcək dərəcədə olduğunu açıqlayıb. Komissiya buna görə də Şimali Koreya rəhbərliyinin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasını tələb edib.

Rusiya da Şimali Koreya ilə danışıqlara cəlb edilmiş beş ölkədən biridir. Cənubi Koreya, Çin, ABŞ və Yaponiya da həmin danışıqlarda tərəf kimi iştirak edir.

Kreml cənab Putinin Kim Yonq Unun xüsusi nümayəndəsi Xoe Rionq Hae ilə danışıqlarının detalları barədə elə bir açıqlama verməyib. Bu şəxs Rusiyaya 7 günlük səfərə gəlib.

“Münasibətlərin daha da dərinləşməsi, siyasi bağların möhkəmlənməsi, ticarət və iqtisadi əməkdaşlıq, əlbəttə ki, hər iki dövlətin xalqlarının xeyirinədir. Bu həm də regionda stabillik və təhlükəsizliyin möhkəmlənməsi deməkdir”, Rusiya prezidenti vurğulayıb.

Xatırladaq ki, Şimali Koreya bu yaxınlarda Pxenyanda həbsdə olan 3 amerikalını azadlığa buraxdı. Siyasi təhlilçilər bununla rəsmi Pxenyanın Beynəlxalq Cinayət Məhkəməsindən yayınmağa cəhd etdiyin vurğuladı.

O da məlumdur ki, BMT-nin 5 daimi üzvü sırasında Çin və Rusiya da var. Çin bütün səviyyələrdə Şimali Koreyanı müdafiə edir. Rəsmi Pxenyan bundan sonra Beynəlxalq Cinayət Məhkəməsindən yaxa qurtarmaq üçün Rusiyanın da yardımına ümid bəsləyə bilər.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol