“Ukrayna ordusu uğurlu əks-hücum üçün tərəfdaşları tərəfindən 95 faiz komplektləşdirilib”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna əks-kəşfiyyatının sabiq başçısı, general Nikolay Malomuj “Obozrevatel”-ə açıqlamasında bildirib.
Bununla yanaşı, Malomuj hesab edir ki, işğalçı üzərində döyüş meydanında qələbə qazanmaq üçün Ukraynanın üç növ silaha ehtiyacı var: “Bizə 300 kilometri vuran raketlər lazımdır ki, onlar bütün atəş nöqtələrini, aerodromları, silah-sursat anbarlarını, cəbhəyə doğru hərəkət edən ehtiyat qüvvələri vura bilsin”.
General əsasən ATACMS tipli raketləri nəzərdə tutub. Ancaq qeyd edək ki, artıq Böyük Britaniya rəsmən Ukraynaya “Storm Shadow” raketlərini verdiyini təsdiq edib. Bu raketlərin atış məsafəsi 250 kilometr göstərilsə də, bir çox ekspertlər onların 500 kilometr, hətta daha artıq məsafəni dəqiq vura bildiyini iddia edirlər.
Generalın fikrincə, orduya lazım olan ikinci silah zirehli texnika və mərmilərdir. O, qeyd edib ki, Qərb Ukrayna ordusunu zirehli texnika sarıdan böyük ölçüdə təmin etsə də, bir neçə komponent üzrə tamamlama işlərinə ehtiyac var və Ukraynanın tərəfdaşları hazırda bunun üzərində işləyirlər.
Malomuj deyib ki, uğurlu əks-hücum üçün bir milyona yaxın mərmiyə ehtiyacı var və bu məsələdə də artıq Avropada müəyyən konsensuns əldə edilib.
Nəhayət, generalın dediyinə görə, qələbə üçün lazım olan üçüncü faktor “F-16”-lardır. Onun fikrincə, bu təyyarələr Ukrayna ordusu üçün birmənalı üstünlük qazandırar və əks-hücumu çox effektli edə bilər.
Bütün bunlarla yanaşı, Malomuj hesab edir ki, Ukrayna ordusu əlində olan imkanlardan doğru, kordinə edilmiş şəkildə, qeyri-standart və çevik qərarlar qəbul etməklə istifadə edə bilsə, əks-hücum əməliyyatı gözlənilən nəticəni verəcək.
“AzPolitika.info”


Şərhlər